[b]“Aviasiya haqqında” qanuna dəyişikliklərin tətbiqi haqda prezidentin fərmanı[/b]
09 mart 2017 22:56 (UTC +04:00)

[b]“Aviasiya haqqında” qanuna dəyişikliklərin tətbiqi haqda prezidentin fərmanı[/b]

Azərbaycan  prezidenti  İlham Əliyev “Aviasiya haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2017-ci il 1 fevral tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.

 

APA-nın xəbərinə görə,  fərmana əsasən,  Nazirlər Kabinetinə aşağıdakı tapşırıqlar verilib:

 

Azərbaycan qanunlarının və Azərbaycan prezidentinin aktlarının “Aviasiya haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin;

 

 “Aviasiya haqqında” qanunun 42.1-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, uçuşların təhlükəsizliyi üzrə dövlət proqramının layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin;

 

Azərbaycan Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan prezidentinə məlumat versin;

 

Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat versin;

 

Həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

 

Azərbaycanın Ədliyyə Nazirliyinə tapşırılıb ki,  mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Aviasiya haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat versin.

 

Müəyyən edilsin ki:

 

 “Aviasiya haqqında” qanununun 42.1-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının prezidenti həyata keçirir;

 

Həmin qanunun 6.7-ci, 6.8-ci və 6.9-cu maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası həyata keçirir.

 

Qeyd edək ki, “Aviasiya haqqında” qanunda  aşağıdakı dəyişikliklər edilib:

 

1. 4.0.2-ci maddəyə “(aviasiyanın qanunsuz müdaxilə aktlarından qorunmasına dair dövlət proqramı)” sözlərindən sonra “və uçuşların təhlükəsizliyi üzrə dövlət proqramının” sözləri əlavə edilsin.

 

2. Aşağıdakı məzmunda 6.7-6.9-cu maddələr əlavə edilsin:

 

“6.7. Qəza halları istisna olmaqla, hava gəmisinin bortunda olan şəxslərin həyat və sağlamlığı üçün tibbi səbəblərdən təhlükə yarandığı hallarda və ya texniki nasazlıq səbəbindən Azərbaycan Respublikasının hava məkanına daxil olan istənilən hava gəmisinin təcili enməsinə, həmin hava gəmisinin gömrük nəzarətindən və bu Qanunda nəzərdə tutulmuş digər nəzarətdən keçməsini təmin etmək üçün yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hava limanında yol verilir.

 

6.8. Müvafiq icra hakimiyyəti orqanı digər dövlətlərə məxsus hava gəmilərində uçuşların təhlükəsizliyi üzrə yoxlamalar aparmaq hüququna malikdir. Bu cür yoxlamalar həmin hava gəmilərinin uçuş vaxtına riayət etməklə aparılmalıdır.

 

6.9. Bu Qanunun 6.8-ci maddəsində nəzərdə tutulmuş yoxlamaları həyata keçirən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən onların səlahiyyətlərini təsdiqləyən vəsiqə ilə təmin olunmalıdırlar.”.

 

3. Aşağıdakı məzmunda 42.1-1-ci maddə əlavə edilsin:

 

“42.1-1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı uçuşların təhlükəsizliyi üzrə dövlət proqramını qəbul edir.”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 242
avatar

Oxşar yazılar