"Azərbaycanda videoməzmun piratçılığının səviyyəsi 90%-dən çoxdur"
"Azərbaycanda videoməzmun sahəsində piratçılığın səviyyəsi 90%-dən çoxdur".
Bunu ONA-ya "MEGOGO" video-servisinin idarəedici tərəfdaşı İvan Şestakov deyib.
Onun sözlərinə görə, postsovet məkanında piratçılığın səviyyəsi ən aşağı olan ölkələrin sırasına Baltikyanı ölkələr daxildir: “Bu ölkələrdən sonra piratçılığın səviyyəsi yüksəkliyə doğru ifadədə Rusiyada, daha sonra Ukraynada, Qazaxıstanda, Belarusda, Azərbaycanda və digər ölkələrdə müşayiət olunur. Bu göstəricinin Azərbaycanda yüksək olmasına baxmayaraq, deyə bilərəm ki, ölkədə böyük perspektivləri var və leqal servislər üçün bazar hələdə boşdur. Ölkədə pirat servislərin səviyyəsi olduqca yüksəkdir.
Eyni vəziyyət Rusiya və Ukraynada təqribən 5 il öncə yaşanıb. Bu ölkələrdə fəaliyyət göstərən biznes anlayıb ki, kontentin satışından gəlir əldə etmək mümkündür və bundan sonra onlar piratcılıqla mübarizəyə başladılar”.
İ.Şestakovun sözlərinə görə, piratçılığı tamamilə aradan qaldırmaq qeyri-mümkündür və hətta ən inkişaf etmiş ölkələrdə piratçılığın səviyyəsi 30%-ə çatır.
“Piratçılığın səviyyəsinin aşağı olması o deməkdir ki, yaradıcı iqtisadiyyat ÜDM-ə öz töhfəsini verir və bunun fonunda məzmunla işləyən bizneslərin sayı artır. Buna nail olmaq üçün ilk növbədə biznesin bu sahəyə olan yanaşması dəyişməlidir. Bir çoxları elə bilir ki, məzmun mütləq pulsuz olmalıdır. Biznes bunun belə olmadığını dərk etsə birmənalı olaraq başa düşəcək ki, qanuni biznesdə qazanc var”, - deyə Şestakov qeyd edib.
"MEGOGO"nun idarəedici tərəfdaşının fikrincə, təqribən yaxın iki il ərzində Azərbaycanda qanuni məzmun bazarı formalaşacaq. Şirkətin Azərbaycan bazarı üzrə yaxın gələcəkdə gözlənilən yeni xidmətlərdən bəhs edən şirkət rəsmisi qeyd edib ki, istifadəçilərə "MEGOGO" əlavəsi vasitəsilə videoməzmunu yükləmək imkanı yaradılacaq. İlk növbədə bu imkan "Android" əməliyyat sistemi bazasında işləyən qurğular üçün nəzərdə tutulub, daha sonra isə "Apple" qurğularında da mövcud olacaq.
1035