Prezident İlham Əliyev “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman verib.
Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, fərmana əsasən, “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə” təsdiq edilib. “Lisenziyalar və icazələr” portalının (bundan sonra - portal) operatoru İqtisadiyyat Nazirliyi müəyyən edilib.
Nazirlər Kabinetinə üç ay müddətində:
Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək;
lisenziya və ya icazə verən orqanların lisenziya və ya icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin portal vasitəsilə həyata keçirilməsini təmin etmək üçün müəyyənləşdirilən son müddətlərin göstərildiyi cədvəli təsdiq etmək;
Portala inteqrasiya edilməli olan informasiya sistemlərinin siyahısını və həmin informasiya sistemlərinin portala inteqrasiyası üçün müəyyənləşdirilən son müddətlərin göstərildiyi cədvəli təsdiq etmək;
İnformasiya sistemlərinin portala inteqrasiyası üçün texniki tələbləri təsdiq etmək;
Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək və bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Fərmanla İqtisadiyyat Nazirliyinə isə aşağıdakı işlər tapşırılıb:
Portalın fəaliyyətinin təşkili, saxlanması və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görsün;
Portalın saxlanması xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi ilə əlaqədar təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
Xüsusi Dövlət Mühafizə Xidməti ilə birlikdə portalın təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görsün.
Lisenziya və ya icazə verən, habelə özlərinə məxsus informasiya sistemləri vasitəsilə portalda informasiya mübadiləsində iştirak edən orqanlar:
Lisenziya və ya icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin bu Fərmanın 3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş cədvəldə müəyyən edilmiş müddətlərdə portal vasitəsilə həyata keçirilməsini təmin etsinlər;
İnformasiya sistemlərinin bu Fərmanın 3.1.4-cü yarımbəndində nəzərdə tutulmuş müddətlərdə və bu Fərmanın 3.1.5-ci yarımbəndində nəzərdə tutulmuş texniki tələblərə uyğun olaraq portala inteqrasiya olunmasını və görülmüş işlərin nəticəsi barədə Nazirlər Kabinetinə məlumat verilməsini təmin etsinlər.
Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.