"Unibank"ın aktivləri 1 milyardı keçdi®
26 yanvar 2022 18:12 (UTC +04:00)

"Unibank"ın aktivləri 1 milyardı keçdi®

“Unibank” KB ASC 2021-ci il üzrə əsas maliyyə göstəricilərini açıqlayıb. 31 dekabr 2021-ci il tarixinə Bankın əməliyyat mənfəəti 22 milyon manat təşkil edib. İl ərzində qazanılmış faiz gəlirləri 121 milyon manatı ötüb, qeyri-faiz gəlirləri isə 40 milyon manata çatıb. Bununla da Bankın qeyri-faiz gəlirləri ötən ilin uyğun dövrü ilə müqayisədə 29%, faiz gəlirləri isə 38% artıb. 

Unibank KB ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov 2021-ci ilin Bank üçün yaddaqalan illərdən biri olduğunu bildirib: “Pandemiya və müharibə sonrası ölkəmizdə biznesin yenidən hərəkətlənmə və inkişaf ili kimi yadda qalan 2021-ci il Unibank üçün də uğurlu və artımlı il oldu. Bankın tarixində ilk dəfə aktivlərin həcmi 1 milyard manatı ötdü. Vacib maliyyə göstəricilərinin nəzərəçarpan artımı ilə yanaşı, Bank üçün çox əhəmiyyətli bir proses- kapitallaşma da uğurla başa çatdırıldı. İki komponentdən ibarət kapitallaşma prosesinin yekunlaşması ilə ötən ilin sonunda “Unibank”ın məcmu kapitalı 30 milyon manat artdı. Ötən il Bankımız üçün böyük daxili strateji layihələrin həyata keçirilməsi ilə də yadda qaldı. 2021-ci ilin ən mühüm layihələrindən biri də Bankın qəmsal məhsulu olan “Leobank”ın tətbiqinə başlanılması oldu. Biz 30 illik yubiley tariximizin qeyd olunacağı 2022-ci ilin də Bank üçün nailiyyətlər ili olacağına inanırıq”.

Bankın dinamik inkişafı əsas maliyyə göstəricilərinin artımında da özünü göstərib. Maliyyə nəticələrinə əsasən, ilin sonuna “Unibank”ın aktivlərinın həcmində 27% artım qeydə alınıb. Bununla da hesabat dövrünə bankın cəmi aktivləri 1 milyard 40 milyon manat təşkil edib. Hesabat dövrünün sonuna bankın xalis mənfəəti 4,7 milyon manat təşkil edib. Kapitallaşma proqramının uğurla başa çatdırılmasının nəticəsi olaraq, Bankın məcmu kapitalı 106 milyon manata çatıb.

2021-ci il ərzində Bank ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında aktiv iştirakını davam etdirib. Hesabat dövründə Bankın kredit portfeli böyüyüb. 2021-ci ilin əvvəli ilə müqayisədə ilin sonunda “Unibank”ın ümumi kredit portfelinin həcmi  30% artıb.

Hər zaman olduğu kimi ötən il də biznesin kreditləşməsi Unibank üçün prioritetlər sırasında olub. Ötən dövrdə xüsusən biznesin kreditləşməsinə diqqət artırılıb. O cümlədən real sektora, kiçik, orta sahibkarlığa verilən kreditlərin həcmi bu ilin əvvəlindən 40% artıb. İl ərzində biznes sektoruna ayrılmış kreditlərin məbləği 37 milyon manat təşkil edib. Təkcə dövlət fondları  hesabına maliyyələşən kreditlərin həcmi 2020-ci illə müqayisədə 26% artaraq 21 milyon manat olub.

Ötən il ərzində “Unibank”ın depozit portfeli də xeyli böyüyüb. Müddətli depozitlər il ərzində 125 mln manat artaraq, 31 dekabr 2021-ci il tarixinə 459 milyon manat təşkil edib.

Ölkədə nağdsız ödənişlərin və elektron ticarətin inkişafına daim dəstək verən Unibank, bu sahəyə öz töhfəsini verib. 2021-ci il ərzində dövriyyədə olan plastik kartların sayı nəzərəçarpacaq dərəcədə artıb. 2020-ci ilin sonu ilə müqayisədə ötən ilin sonunda təkcə Visa və Mastercard debet kartları 2 dəfə artaraq 553 mini keçib.

Ölkə əhalisinə məsafədən bank xidmətinin göstərilməsini daha da zəruri edən bir dövrdə “Unibank”ın UBank tətbiqinin istifadəçilərinin sayı da artmaqdadır. İlin sonunda UBank mobil əlavəsinin istifadəçi sayı 1,3 milyonu keçib. 2020-ci illə müqayisədə ötən il mobil tətbiq  vasitəsilə aparılan kartla əməliyyatların sayı 58%, həcmi isə 2 dəfə artıb.

2021-ci ildə də Unibank aktiv sosial fəaliyyətini davam etdirib. Bankın brend strategiyasının əsas istiqamətlərindən olan korporativ sosial məsuliyyət sahəsində bir sıra böyük layihələrə imza atılıb. Sosial layihələr içərisində şəhid və qazi ailələrinə dəstək prioritet seçilib.

Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 30 ilə yaxın mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.  

Unibank- Sənin Bankın!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1407
avatar

Oxşar yazılar