Lent.az-ın "Bir sual, bir cavab" rubrikasının bu günə olan mövzusu dizel və benzinin bahalaşması ilə bağlı taksi xidmətlərində də qiymət artımının olub-olmayacağıdır.
Çünki insanların əksəriyyəti sosial şəbəkədə xüsusən, dizelin bahalaşması ilə taksi və marşrut avtobuslarında gediş haqqının bahalaşacağını müzakirə edir. Görəsən, bu real ola bilərmi?
Rubrikamızın sualına avtonəqliyyat üzrə ekspert Eldəniz Cəfərov münasibət bildirib. Onun sözlərinə görə, taksi şirkətləri xidmət haqqını artırmaq üçün yanacağın qiymətini əsas gətirə bilməzlər:
"Benzin və dizelin bahalaşması iqtisadiyyatın digər sahələrində də bahalaşma olması demək deyil. Sadəcə, bizdə belə bir stereotip yaranıb ki, yanacağın qiyməti qalxıbsa, hər şeyin qiyməti qalxmalıdır. Bu stereotipi də Azərbaycanda bir zaman oliqarxlar yaratmışdılar. Yanacağın qiyməti qalxanda onlar da istehsal etdikləri məhsulları bahalaşdırırdılar. Bu isə özbaşınalıq və süni qiymət artımıdır. Ona görə də kimsə yanacağın bahalaşmasına görə taksi və digər nəqliyyat növlərində gediş haqqını artırsa, bu süni qiymət artımı sayılır. Onsuz da taksilərdə vahid tarif mövcud deyil və bazar iqtisadiyyatına uyğun tənzimlənir. Düşünmürəm ki, taksi şirkətləri qiymətləri qaldırsınlar. Çünki belə bir hal olarsa, İqtisadiyyat Nazirliyi həmin şirkətlərə qarşı sanksiya tətbiq edə bilər.
Nəqliyyatın xərcləri yalnız yanacaqla bağlı deyil. Ona görə də taksi şirkətlərinin məsul şəxsləri qiymət artımı edərkən, yanacağın bahalaşmasını əsas gətirə bilməzlər. Məsələn, indi xüsusilə avtomobillərin servis qiymətləri ucuzlaşıb. Mühərrikin yağını dəyişmək, hansısa ehtiyat hissəsini almaq və s. indi daha da ucuzlaşıb. Rəsmi dillerlər buna daha da önəm verir. Məhz bu kimi xüsuslara görə, taksilərdə qiymət artımı olmamalıdır. Bundan əlavə, bahalaşma avtomobillərin rahatlığına və digər xüsusiyyətlərinə görə də təyin edilir".