“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov və Sağlam Qida
sahəsində peşəkar araşdırmaçı Məhsəti Hüseynova daxili bazarda satışa
çıxarılan kəllə qənd məhsullarının istehsal səviyyəsinin araşdırılması və
keyfiyyət parametrlərinin yoxlanılması məqsədilə ölkəmizdə fəaliyyət
göstərən istehsal müəssisələrinə baş çəkiblər. Ziyarət edilən müəssisələr
arasında “Azərşəkər” markasının istehsal edildiyi İmişlidə yerləşən Kəllə
Qənd Zavodu da olub.
Zavodda keçirilən görüşdə mütəxəssislər bazarda mövcud olan
keyfiyyətsiz qənd məhsulları ilə bağlı çox narahatlıq keçirdiklərini bildirdilər.
Onların bildirdiklərinə görə müəssisəni ziyarət etməkdə əsas məqsədləri qənd
məhsullarının keyfiyyəti ilə bağlı onlara istehlakçılar tərəfindən bir çox
sorğuların və zənglərin gəlməsidir. Buna səbəb də bir çox kiçik sexlərin
qəndləri süni ağartmaq məqsədilə zərərli üsullardan istifadə etməsidir.
Xüsusilə qəndin ağardılması üçün bəzi sexlərin istifadə etdiyi blankit
(ağardıcı maddə) kanserogen maddələr siyahısındadır. Blankitin miqdarı
normadan artıq olduqda insan sağlamlığında proqnozlaşdırıla bilməyəcək
qədər təhlükə törədir. Bu maddə kükürd tərkiblidir və insan sağlamlığna zərər
gətirən, xüsusən, də madə-bağırsaq fəaliyyətini pozan, xərçəng xəstəliyinə
səbəb olan bir maddədir.
Ölkədə sağlam qənd məhsul istehsalının monitorinqi məqsədilə bu kimi
suallara cavab tapmaq üçün sözü gedən mütəxəssislər ölkədə rəsmi şəkildə
fəaliyyət göstərən və böyük istehsal gücünə sahib olan İmişli Kəllə Qənd
zavodunda istehsal prosesini əvvəldən axıra qədər müşahidə etdilər. Müşahidə
zamanı “Azərşəkər” kəllə qənd məhsullarının zavodda müxtəlif mərhələlərlə
emal prosesləri: əritmə, bişirmə, qəliblərə dolum, qurutma, doğrama, ələnmə
və qablaşdırma prosesləri izlənildi. Aparılan müşahidələrə görə zavodda kəllə
qənd bişirimi vakuum mühiti altında olduğu üçün burada hər hansı yanma,
saralma baş vermir. Sentrafuqa qurğusu ilə mərkəzdənqaçma qüvvəsi
sayəsində ağartmanın daha şəffaf olmasına nail olunur, heç bir kimyəvi
qatqıdan, zərərli maddələrdən istifadə olunmur, məhsul tam təbii yolla istehsal
olunur. Məhsulun mənşəyi yüksək keyfiyyətli şəkər çuğundurudur. İmişli
Şəkər zavodunun istehsal prosesində insan faktoru nisbətən aşağı olmaqla
zavodda tam avtomatlaşdırılmış bir sistem fəaliyyət göstərir.
Xam məhsulun qəbulundan hazır məhsulun qablaşdırilmasına qədər
bütün emal prosesləri operatorlar tərəfindən izlənərək reallaşdırılır. Müvafiq
nümunəçilər laboratoriyada qənd nümunələrini müntəzəm yoxlayır və
istehsala uyğunluğu ilə bağlı öz rəylərini bildirirlər.
Zavodu ziyarət edən mütəxəssislər daha sonra zavodda qəndin
doğranması və qablaşdırılması prosesləri ilə tanış olub hazır məhsul
anbarlarında məhsulun saxlanılması şəraitini də yaxından izləyiblər.
Müəssisədə müşahidələrini tamamlayan AİB-nin sədri Eyyub Hüseynov
və sağlam qida mütəxəssisi Məhsəti Hüseynova zavodda gördükləri istehsal
prosesini və hazırlanan məhsulların yüksək keyfiyyətli olduğunu təsdiq
ediblər.
Daha sonra zavodun yerləşdiyi rayonun mağazalarında həyata keçirilən
reydlər zamanı sözü gedən mütəxəssislər istehlakçılarla sorğu keçiriblər.
Sorğu nəticəsində alıcıların qənd məhsullarını alarkən əsasən nələrə diqqət
etdikləri öyrənilib və onlara qida təhlükəsizliyi baxımından məhsul seçimində
qiymətlərlə yanaşı keyfiyyət dəyərlərinə də əhəmiyyət verilməsi tövsiyə
olunub. Bununla yanaşı, mütəxəssislər həmin mağazalardan analiz edilməsi
üçün müxtəlif qənd çeşidləri də əldə edərək öz müşahidələri ilə birgə
analizlərin nəticələrini ictimaiyyətə müxtəlif media kanalları üzrə təqdim
edəcəklərini bildiriblər.