Bu gün ölkədə mənzili olmayan, kirayədə yaşayan on minlərlə vətəndaş var. Bu insanların böyük əksəriyyəti ümidlərini ipoteka yolu ilə mənzil əldə etməyə bağlayıblar. Ancaq reallıq budur ki, ipoteka yolu ilə də mənzil sahibi olmaq az qala nağd pulla ev almaq qədər çətindir.
Sakinlər deyir ki, ev almaq fikrimiz olsa da şərtlər ağırdır, faizlər yüksəkdir. Deyirlər ki, şərtlər çox ağırdır.
Lent.az-ın APATV-yə istinadən məlumatına görə, iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, ipoteka kreditləri adi və sosial olmaqla, 2 cür verilir. Onların fərqi maksimal məbləğində, müddətində və illik faiz dərəcəsindədir: “Burada ilkin ödənişin yuxarı həddinin müəyyən edilməsi müvəkkil bankların funksiyasına daxildir. 2018-ci ildə qaydalara dəyişikliklər edilmişdir, məsələ daha da optimallaşdırılmışdır. Güzəştli ipotekada maksimum mənzil dəyərinin 10%-i həcmində, adi ipotekada isə 15% ilkin ödəniş tələb olunurdu. İlkin ödəniş artırılması yalnız vətəndaşın müraciəti zamanı baş verirdi. Yazılı müraciət etməlisən ki, çox ödəmək istəyirəm, aylıq ödənişim aşağı düşsün”.
Lakin sonradan qaydalar dəyişdirildi və “maksimum” ifadəsi “minimum” ifadəsi ilə əvəz olundu desək, daha doğru olar. Çünki bu gün bankların əksəriyyəti 30% ilkin ödəniş tələb edirlər: “Konkret olaraq çərçivələndirilmiş bir sosial qrup güzəştli ipotekadan yararlana bilər. Adi ipotekadan hər bir Azərbaycan vətəndaşı ömründə bir dəfə yararlana bilər. Əgər gəlirlərini rəsmi şəkildə təsdiq edə bilərsə. Rəsmi gəlirlərlə ipoteka ödənişlərinin qiymətləndirilməsi həyata keçirilir. Bu səbəbdən də müraciət edən vətəndaşın gəlirləri ona təyin edilmiş ipoteka kreditinin aylıq ödənişini yerinə yetirmək imkanında olmalıdır”.
Vətəndaşların əksəriyyəti düşünür ki, indi əsas problem ödənişlərlə deyil, rəsmiləşmə prosesi ilə bağlıdır. Çünki kirayə qalan biri aybaay 400-500 manat ödəniş edir. Belə olan halda rəsmi iş yeri olmasa belə, ipoteka ilə aldığı evin pulunu da aybaay normal şəkildə ödəyə bilər. Ancaq sənədləşmə prosesindəki şərtlər insanları bu imkandan məhrum edir.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin də sözlərinə görə, bu gün ipoteka şərtləri əksər vətəndaşlar üçün əlçatan deyil: “Bu sahədə müəyyən dəyişiklik etmək lazımdır. Əgər bir vətəndaş uzun illər kirayədə qalırsa və heç bir gecikdirmə olmadan kirayə pulunu ödəyirsə, bu vətəndaş istənilən ipoteka kreditindən yararlana bilər. Çünki əsasən rəsmi iş yerləri olanlar ipoteka kreditlərinə cəlb olunur. Kirayədə qalan vətəndaşların müqavilələri rəsmidirsə və gecikmə olmadan kirayə pulun ödəyirsə, onlardan rəsmi iş yeri tələb edilməməlidir. O insanlar da ipotekadan yararlanmalıdırlar”.
Dövlət xətti ilə kreditlərin sosial növü də gerçəkləşdirilir. Mənzil İnşaatı Dövlət Agentliyinin satdığı və “Sosial ev” kimi tanınan mənzillərin adi mənzillərdən fərqi qiymətinin 5-10% aşağı olmasındadır. Müraciətlər isə onlayn olaraq keçirilir. Ekspert Rəşad Həsənov bildirdi ki, ehtiyacı olan şəxslərin böyük əksəriyyəti bu imkanlardan yararlana bilmir: “Bu gün İT sahəsində peşəkar bilikləri olan şəxslər, hətta hakerlər bu bazarda əsas iştirakçıya çevriliblər. Müəyyən ödənişlər müqabilində 1,2,3 otaqlı evləri alırlar. Bəzən bu ödənişlər 10.000 manat dəyərində olur.
Ekspertlər düşünür ki, bankların təklif etdiyi şərtlər yumşalarsa, həm vətəndaşlar ipoteka ilə mənzil sahibi ola bilər, həm də ölkənin daşınmaz əmlak sektoru daha yaxşı inkişaf edər.