Prezident İlham Əliyev Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında fərman imzalayıb.
Lent.az-ın xəbərinə görə, fərmana əsasən, işğaldan azad olunmuş ərazilərdə Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Prezidentin əlavəsinin müəyyən edilməsi haqqında” Prezidentin 2021-ci il 25 iyun tarixli 2727 nömrəli sərəncamı ilə Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Prezidentinin əlavəsinin müəyyən edildiyini nəzərə alaraq, Müdafiə Nazirliyinin həmin əlavənin şamil olunmadığı həqiqi hərbi xidmət hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və Müdafiə Nazirliyinin əməliyyat briqadalarının və əlahiddə ümumqoşun ordusunun tabeliyində olan xüsusi təyinatlı briqadaların hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilib.
Müdafiə Nazirliyinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 20 faiz artırılıb.
Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.
Müəyyən edilib ki, bu fərmanın 1-ci hissəsində nəzərdə tutulan əlavə Maliyyə Nazirliyi ilə razılaşdırılmış say və tərkibə uyğun olaraq, Müdafiə Nazirliyi tərəfindən ödənilir.
Müdafiə Nazirliyi və Maliyyə Nazirliyi bu fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Bu fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.