"Mətanət A" AĞDAĞ Natural Gipskarton Lövhələri zavodunun təqdimatını keçirdi
28 dekabr 2021 15:38 (UTC +04:00)

"Mətanət A" AĞDAĞ Natural Gipskarton Lövhələri zavodunun təqdimatını keçirdi

“Mətanət A” şirkəti dünyanın nömrə bir texnologiyası olan Grenzebach texnologiyasına əsaslanan AĞDAĞ Natural Gipskarton Lövhələri zavodunun təqdimatını keçirtdi

Ölkəmizin tikinti materiallarının qabaqcıl istehsalçılarından olan “Mətanət A” Şirkətlər Qrupunun AĞDAĞ Natural Gipskarton Lövhələri Zavodunun geniş təqdimatı Alov Qüllələrində keçirilib.Tədbirdə müxtəlif dövlət qurumları, biznes assosiasiyaları, inşaat  şirkətlərinin rəhbər şəxsləri,  eləcə də tikinti materiallarının satışı ilə məşğul olan fərdi sahibkarlar iştirak edib.

Öncə  qonaqlar  zavodu ziyarət edib və istehsal prosesi ilə  tanış olublar.  Zavodun direktoru Alim Bayramov qonaqlara məlumat verib ki,  zavod qabaqcıl Grenzebach alman texnologiyasına əsaslanır, istehsal prosesi tam avtomatlaşdırılmış formada idarə olunur və keyfiyyətə nəzarət PLC xüsusi proqram təminatı ilə avtomatik həyata keçirilir.  AĞDAĞ Natural Gipskarton Lövhələrinin istehsalında spesifik kartondan istifadə edilir, son məhsul maksimum  elastikliyə və yüksək müqavimətə malikdir. Məhsulun keyfiyyəti Almaniya bazarılarındakı bu tip məhsul  ilə eyni keyfiyyətdədir. AĞDAĞ Natural Gipskarton Lövhələrinin istifadəsi işin effektivliyinin artmasına və nəticədə tikinti xərclərinin azalmasına kömək edir.

Tədbirdə çıxış edən Azərbaycan İqtisadçılar İttifaqının sədri, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, millət vəkili, akademik Ziyad Səmədzadə “Mətanət A” Şirkətlər Qrupunun inşaat sektorunda daim innovasiyalarla fərqlənərək ölkəmizdəki sahibkarlıq fəaliyyətinin təşkilində xüsusi rolu olduğunu deyib. Bu gün yeni iqtisadi modellərin elm, innovasiya və istehsalın vəhdəti üzərində qurulduğunu və dövlət-özəl sektor tərəfdaşlığının mərkəzindəki bu üç faktorun önəmliliyini  vurğulayıb.

Kiçik və Orta Binesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov isə öz çıxışında yeni istehsal müəssisələrinin yaradılmasının sənayenin inkişafı, idxaldan aslılığın azaldılması və məşğulluğun təmin edilməsindəki önəmi barədə fikirlərini bölüşüb. Qeyd edib ki,  Ağdağ Natural Gipskarton Lövhələri Zavodu da qeyri-neft sektorunun inkişafına öz töhfəsini verəcəkdir.  Orxan Məmmədov bildirib ki, KOBİA tikinti xammal ehtiyatlarından səmərəli istifadə olunmaqla sahibkarlıq fəaliyyətinin qurulmasında və inkişaf etdirilməsində maraqlıdır.

“Mətanət A” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri,  Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının rəhbəri Elxan Bəşirov qeyd edib ki: “Şirkət olaraq uğurumuzun təməlində duran əsas amillərdən biri də dövlət dəstəyinin olmasıdır. “Mətanət A” Şirkətlər Qrupuna məxsus bir çox zavodlar dövlətin sahibkarlığın inkişafına dəstək proqramı çərçivəsində həyata keçirilib. Zavodlarımızın bir çoxunun açılışında cənab Prezidentin iştirak etməsi bir daha şirkətimizə və bizim timsalımızda bütün sahibkarlıq subyektlərinə birbaşa qayğının əsas göstəricisidir. Milli iqtisadiyyatımızın inkişafına töhfə vermək isə fəaliyyətimizin təməl prinsipidir. İşğaldan azad edilmiş ərazilərə investisiya qoyuluşunun həyata keçirilməsi istiqamətində edilən çağırışlara “Mətanət A” Şirkətlər Qrupu da  qoşulub və həmin ərazilərin iqtisadi və investisiya potensialının artırılması məqsədilə Qarabağda yeni zavodların tikilməsi planlanlaşdırılıb. Artıq bu barədə müvafiq dövlət qurumlarına müraciətlər edilib. Ərazilər müəyyən edildikdən sonra şirkət iki il ərzində iki yeni zavodun tikintisini başa çatdırmaq niyyətindədir.  İnanırıq ki, ölkəmizin bütün bölgələrində uğurla davam edən iqtisadi inkişafa bu zavodlarımızda çalışacaq insanlar sayəsində Qarabağda da yeni-yeni uğurlar əlavə edəcəyik. Növbəti məhsulumuzun təqdimatını isə Qarabağda həyata keçirəcəyik!”

Tədbirdə çıxış edən Azərbaycan Sahibkarlar Konfedarasiyasının vitse-prezidenti Vüqar Zeynalov “Mətanət A” Şirkətlər Qrupunun istehsalda yaşıl texnologiyaların tətbiqi  və ətraf mühitinin qorunmasındakı xüsusi tələbkarlığından bəhs edib.  Gələcəkdə bu tip texnologiyaların işğaldan azad edilmiş ərazilərdə tətbiqinin vacibliyini qeyd edən Vüqar Zeynalov şirkətlər qrupunun bu istiqamətdəki fəaliyyətində uğurlar arzu edib.

Tədbirə Almaniyadan canlı bağlanan dünyamiqyaslı Grenzebach Korporasiyasının vitse-prezidenti Christoph  Habighorst Ağdağ Gipskarton Lövhələri Zavodunda tətbiq etdikləri ən son texnologiyadan danışıb və bu zavodun dünyada bu sahədə ən müasir zavodlardan biri olduğunu vurğulayıb. Bildirib ki, qarşılıqlı fəaliyyət zamanı “Mətanət A” Şirkətlər Qrupu daim istehlakçı məmnuniyyətini rəhbər tutaraq keyfiyyətli məhsul istehsalına böyük önəm verib. Odur ki, zavodların tikilməsində ən son texnologiyaların tətbiqini ənənəyə çevirib. Məhz bu siyasətin nəticəsidir ki, həmin zavodlarda istehsal edilən məhsullar Avropadakı məhsullarla eyni keyfiyyət göstəricilərinə malikdir.

Tədbirdə Ağdağ Gipskarton Lövhələrinin yeni istifadə sahəsi haqqında da geniş məlumat verilib. Belə ki, Ağdağ Gipskarton Lövhələrinin təkcə tavanlarda deyil, eyni zamanda evin daxili arakəsmələrinin yaradılmasında  da geniş tətbiq imkanları var, daş yunu ilə birgə istifadə edildikdə isə yüksək səs və istilik izolyasiyası yaradan unikal məhsuldur.

Sonda “Mətanət A” Şirkətlər Qrupunun vitse-prezidenti Fuad Bəşirov inşaat şirkətlərini və ticarət nöqtələrini Ağdağ Gipskarton Lövhələri Zavodunun məhsulları sahəsində geniş əməkdaşlığa dəvət etdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2304
avatar

Oxşar yazılar