İş adamları üçün yeni imkanlar
02 avqust 2021 23:44 (UTC +04:00)

İş adamları üçün yeni imkanlar

ABB-nin “Sahibkarlar Klubu”-nun, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı və “ThinkWise” şirkətinin iştirakı ilə sahibkarlar üçün təlimlər təşkil olunub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlının və ABB-nin Korporativ biznes üzrə Baş direktoru Nərgizxanım Biləndərlinin açılış nitqlərindən sonra müxtəlif  mövzularda təqdimatlar olub.

Sahibkarlar ABB-nin Sahibkarlar Klubunun fəaliyyəti, Bankın iş adamlarına təklif etdiyi məhsul və xidmətlərlə tanış olublar. Tədbir iştirakçılarına Azərbaycan sahibkarlarına öz məhsullarını xarici bazarlara çıxarmaq imkanı yaradan Azexport portalının fəaliyyəti haqqında geniş məlumat verilib. Həmçinin Bir Pəncərə İxraca Dəstək Mərkəzinin biznes üçün yaratdığı imkanlar haqqında ətraflı söhbət açılıb. “ThinkWise” şirkətinin təmsilçisi isə iş adamlarını Biznes planının yazılması və investisiya təşviqi sənədinin hazırlanması ilə bağlı məlumatlandırıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı: “2021-ci ilin ilk yarısında Azərbaycanın qeyri-neft ixracında 27,1-%-lik artım müşahidə olunub. Azərbaycanın strateji valyuta ehtiyatları 52 milyard ABŞ dolları, xarici dövlət borcu 8.8 milyard ABŞ dolları təşkil edir. Azərbaycan dünyada strateji valyuta ehtiyatları xarici dövlət borcundan 6 dəfə çox olan nadir ölkələrdəndir. Cari ilin ilk yarısında Azərbaycanda qeyri-neft sənayesinin artımı 16.6%, aqrar sahənin artımı 5.5%  təşkil edib.

Sahibkarlar Klubunun üzvlərini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin innovativ layihələri olan “Azexport.az”, “EnterpriseAzerbaijan”, Rəqəmsal Ticarət Qovşağı və Bir Pəncərə İxraca Dəstək Mərkəzi tərəfindən təqdim olunan xidmətlərdən istifadəyə dəvət edirəm. İİTKM-nin operatoru olduğu layihələr sahibkarlara istehsalda, satışda, idarəetmədə və digər istiqamətlərdə dəstək göstərir”.

ABB-nin Korporativ biznes üzrə Baş direktoru Nərgizxanım Biləndərli qeyd edib: “Sahibkar müştərilərimizə faydalı olmaqdan ötrü həyata keçirdiyimiz tədbirlər təkcə bank fəaliyyəti ilə məhdudlaşmır. İş adamlarımızın yeni biznes imkanlarını kəşf etməsi, bu imkanlardan yararlana bilməsi üçün tərəfdaşlarımızla birgə təşəbbüslər formalaşdırırıq. Ümid edirik ki, bu təlimlərimiz də iştirakçılara faydalı olacaq”.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3291
avatar

Oxşar yazılar