Ələt Azad İqtisadi Zonası:  Dünya biznesiylə inikal əməkdaşlıq məkanı
02 iyul 2021 11:45 (UTC +04:00)

Ələt Azad İqtisadi Zonası: Dünya biznesiylə inikal əməkdaşlıq məkanı

“Bu gün qoyulan təməl artıq işlərin başlanmasına təkan verir. Artıq birinci görüləcək işlər planlaşdırıldı, 850 hektarın 60 hektarı artıq layihələndirildi, detallı, müfəssəl layihələndirmə işləri aparılmışdır. Bu gündən etibarən tikinti işləri başlanacaq, infrastruktur layihələri, biznes mərkəzi, gömrük-keçid məntəqəsi və lazım olan digər sahələrdə işlər görüləcək. Hesab edirəm ki, bir ildən sonra - gələn ilin iyul ayından başlayaraq, biz investorları qəbul etməyə hazır olacağıq”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Prezident bildirib ki,  Azad İqtisadi Zonanın rəhbərliyi həm ölkə daxilində, həm də xaricdə müxtəlif tədbirlər keçirəcək. Təqdimatlar keçirilməlidir, potensial investorlarla birbaşa təmaslar qurulmalıdır. “Eyni zamanda, Azad İqtisadi Zonanın nümayəndələri müxtəlif ölkələrə ezam olunacaq, həmçinin xaricdən potensial investorlar dəvət ediləcək”. 
Dövlətimizin başçısı qeyd edib ki, məhz bu zona potensial investorlar üçün cəlbedici ola bilər.

“Bir ildən sonra - gələn ilin iyul ayında zona investorları qəbul etməyə hazır olacaq. Əminəm, biz görəcəyik ki, bax, burada göstərilən mənzərə həyatda öz əksini tapacaq. Çünki bu günə qədər bütün təşəbbüslərimiz, bütün planlarımız həyatda öz əksini tapıb. Elə bir təşəbbüs olmayıb ki, o, reallığa çevrilməsin. Ən çətin layihələr, transmilli layihələr, çox çətin geosiyasi vəziyyətdə həyata keçirdiyimiz layihələr uğurla başa çatıb. Bunları sadalamağa ehtiyac yoxdur, hər kəs bilir söhbət nədən gedir. Ona görə, bu zonanın yaradılması, əminəm ki, uğurumuzun növbəti addımı olacaq”, - deyə dövlət başçısı bildirib.
Ələt azad iqtisadi zonasının yaradılması qeyri-neft sektorunun və birgə istehsalın inkişafını stimullaşdıracaq, zonanın özü isə Azərbaycan biznesinin dünya biznesi ilə əməkdaşlığının məkanına çevriləcək.
Bunu açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.
Onun sözlərinə görə, Ələt azad iqtisadi zonası funksionallıq baxımından unikaldır:
“Xüsusi vergi rejimi, nəqliyyat infrastrukturu, zonanın təsərrüfat subyektlərinin iqtisadi fəaliyyəti üçün əlçatanlığı bu azad iqtisadi zonanı təkcə investisiyalar üçün deyil, həm də biznesin aparılması üçün cəlbedici edir. Bundan başqa, qeyd etmək lazımdır ki, Ələt Şərqdən Qərbə və əks istiqamətdə yük axını üçün iqtisadi darvazaya çevriləcək. Bu baxımdan Xəzər dənizi çərçivəsində azad iqtisadi zonalar şəbəkəsi formalaşır. Xəzər dənizinin sahilində bu cür iqtisadi zonalar Qazaxıstanda da, Həştərxanda da, İranda da var”.
Azad iqtisadi zonanın logistika və nəqliyyat baxımından üstünlüklərindən danışan ekspert bildirib ki, Ələt limanı zonanın əsas aparıcı qüvvəsi olacaq:
“Burada iri ticarət limanı, dəmiryol terminalı, qatarların boşaltma-yükləmə məntəqələri var və bunlar təkcə Şərq-Qərb xətti ilə deyil, həm də Şimal-Cənub istiqaməti üzrə yük axınına xidmət edəcək. Məhz Ələt limanındakı dəmiryol əlaqəri Azərbaycanı İranla və Rusiya ilə bağlayır”.
Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, Ələt Azad İqtisadi Zonasının əsas üstünlüklərindən biri fəaliyyətinin beynəlxalq hüquqla tənzimlənməsidir ki, bu, zonaya hasilatın pay bölgüsünə uyğun statusun verilməsi deməkdir. O, qeyd edib ki, Azərbaycan hökuməti tərəfindən Ələt Azad İqtisadi Zonasında ilkin infrastruktur formalaşdırılacaq. Bütün bunlar xüsusən aparıcı xarici şirkətlərin investisiya qoyuluşunu təşviq etmək baxımından vacibdir. İstehsal edilən məhsulların bir qisminin daxili, bir qisminin isə xarici bazara çıxarılması təmin olunacaq.
Millət vəkili vurğulayıb ki, Ələt Azad İqtisadi Zonası coğrafi yerləşmə baxımından da mühüm əhəmiyyət kəsb edir. Bunun zonada istehsal edilən məhsulların ixracı baxımından kifayət qədər böyük üstünlükləri var. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1956
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar