16:42 3 may 2021

Data yarışmasında ilk 3 yerdən 2-nin qalibi IBA Tech Akademiyasının məzun və tələbələri oldu

Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkil etdiyi “Rəqəmsal idarəetmədə süni intellekt” beynəlxalq konfransı çərçivəsində keçirilmiş data yarışmasının qalibləri seçilib və onlara mükafatlar təqdim olunub. Qaliblər sırasında Azərbaycan Beynəlxalq Bankının yaratdığı IBA Tech Akademiyasının məzunları da var. Belə ki, yarışmada Akademiyanın məzunlarından Mikayıl Yusifov öz komanda yoldaşları ilə birinci yerə, Machine Learning tələbəsi Elşən Qədimov üçüncü yerə layiq görülüb. Beləliklə, ilk üç yerdən ikisinin qalibi  IBA Tech Akademiyasının məzun və tələbələri olub. Akademiyanın daha bir tələbəsi Anar Həsənov isə yarışmanın mükafatçılarından olub. Qaliblərin mükafatlandırılması mərasimində müxtəlif dövlət qurumlarının və texnologiya şirkətlərinin rəhbərləri iştirak edib.

EHİM-in keçirdiyi beynəlxalq konfrans və data yarışması dünya şöhrətli alim, bu il anadan olmasının 100 illiyi tamamlanan Lütfi Zadənin xatirəsinə həsr olunub. Konfransda 22 ölkədən 58 spiker çıxış edib. 19 ölkədən 900-ə yaxın unikal iştirakçı qoşulub.

Data yarışmasında iştirak üçün isə 185 komanda qeydiyyatdan keçib. Belə bir yarışmanın məqsədi Azərbaycandakı data mütəxəssislərinin aşkar edilməsi, onlarla əməkdaşlığın qurulması və gələcəkdə yeni layihələrin reallaşdırılmasıdır. Yarışmanın həyata keçirildiyi “Kaggle” platforması data elmi və maşın öyrənmə sahəsindəki həvəskar və peşəkarların onlayn cəmiyyətidir. Platforma 5 milyondan çox istifadəçi ilə 194 ölkəni əhatə edir. Müxtəlif fəaliyyət sahələrinə aid data əsaslı məsələlər burada komanda, yaxud fərdi qaydada həll olunur. Tədbir haqqında ətraflı məlumat: https://ai4digigov.com/

Xatırladaq ki, IBA Tech Akademiyası 2019-cu ilin sentyabrından fəaliyyətə başlayıb. Belə bir Akademiyanın yaradılmasında Azərbaycan Beynəlxalq Bankının məqsədi ölkəmizin əmək bazarı üçün peşəkar informasiya texnologiyaları mütəxəssislərinin hazırlanmasıdır. İndiyə qədər 200-dən çox gənc müxtəlif proqramlar üzrə Akademiyadan məzun olub. Onların böyük əksəriyyəti Azərbaycan Beynəlxalq Bankında, eləcə də digər yerli və xarici şirkətlərdə işlə təmin edilib. 

 

# 366
avatar

Oxşar yazılar