Vüsal Qasımlı: "Ermənistanda sosial, siyasi, iqtisadi gərginlik hökm sürür"
31 oktyabr 2020 17:10 (UTC +04:00)

Vüsal Qasımlı: "Ermənistanda sosial, siyasi, iqtisadi gərginlik hökm sürür"

“Bu günə qədər olan məlumata görə, 200-ə qədər yaşayış məntəqəsi, yüksəkliklər Azərbaycan ordusu tərəfindən azad edilib. Ermənistanın ordusuna hərbi-texniki və sursat baxımından 2,7 milyard ABŞ dollarından yüksək dəyərdə ziyan vurulub”. 

APA-nın xəbərinə görə, bunu Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib. 

O deyib ki, Ermənistanın işğal olunmuş ərazilərdə qurduğu bütün müdafiə istehkamı, infrastrukturu sıradan çıxarılıb. Eyni zamanda Ermənistan iqtisadiyyatına ciddi zərbə dəyib: “Hazırda Ermənistan iqtisadiyyatı həm tədiyyə balansının, həm ticarət balansının, həm icmal dövlət büdcəsinin kəsirləri ilə bağlı xroniki problem yaşayır. Ölkədə sosial, siyasi, iqtisadi gərginlik hökm sürür. Bütün bunların müqabilində əlbəttə Ermənistanın döyüş meydanında, diplomatiya meydanında, iqtisadi meydanda, resurs müharibəsində uduzduğu halda yeganə əl atdığı vasitə Azərbaycanın dinc yaşayış məntəqələrini atəşə tutmasıdır”.

O deyib ki, sentyabrın 27-dən başlayaraq oktyabrın 30-u saat 08:00-a qədər Ermənistan tərəfindən Azərbaycanın 182 yaşayış məntəqəsinə 27 mindən artıq mərmi və 218 raket zərbəsi endirilib. Deyilən müddət ərzində Azərbaycanın 91 mülki vətəndaşı həlak olub, 396 nəfər insan xəsarət alıb. 2442 obyekt, 92 çoxmənzilli bina ziyan çəkib. Eyni zamanda 13 kommunikasiya infrastrukturu sıradan çıxarılıb və 17 dini obyekt, abidə, o cümlədən məscid və kilsəyə ziyan dəyib.

Ermənistan tərəfindən Azərbaycanın 182 yaşayış məntəqəsinə mərmi atıb. Bu yaşayış məntəqələrinin 43-ü Ağdam, 40-ı Tərtər, 28-i Ağcabədi, 25-i Goranboy, 6-sı Göygöl, 17-si Füzuli rayonundadır. Eyni zamanda Şəmkir, Qəbələ, Kürdəmir, Siyəzən, Xızı, Qaradağ, Cəbrayıl, Beyləqanda isə hər birində bir yaşayış məntəqəsinə mərmi atılıb. Ermənistanın Azərbaycanın atdığı raket ən çox Goranboy rayonuna düşüb -49 raket. Daha sonrakı yerlərdə Füzuli rayonu (34 raket), Bərdə (30 raket), Tərtər (18 raket), Ağcabədi (14 raket), Gəncə şəhəri (22 raket) olmaqla bütövlükdə Azərbaycanın yaşayış məntəqələrinə bu müddət ərzində 218 raket zərbəsi endirilib.

Ümumilikdə Ermənistanın Azərbaycanın yaşayış məntəqələrinə atdığı mərmilərin sayı 27308-dir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1435
avatar

Oxşar yazılar