“Azərbaycanda əhalinin gündəlik təlabat malları, o cümlədən qida məhsulları ilə təalabatının ödənilməsində heç bir problem yoxdur”.
APA-nın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov son günlər mağazalarda müşahidə olunan kütləvi alışla bağlı məsələyə münasibət bildirərkən deyib.
Hazırda ticarət şəbəkələrində, mağazalar və anbarlarda gündəlik təlabat malları, o cümlədən ərzaq məhsulları ilə bağlı kifayət qədər ehtiyat olduğunu deyən M.Cabbarov bildirib ki, panikaya heç bir əsas yoxdur.
Onun sözlərinə görə, iqtisadi təhlükəsizlik məsələsi daim Azərbaycan hökumətinin diqqət mərkəzində olub: “Ölkənin ərzaq təhlükəsizliyinin etibarlı təmin olunması üçün ehtiyatlar mütəmadi monitorinq olunaraq qiymətləndirilir. Hazırda koronovirus təhlükəsi ilə əlaqar olaraq ölkəmizin sərhədlərində tətbiq olunan məhdudiyyətlər isə yükdaşımalara şamil edilmir”.
Hökumətin iqtisadi sahədə vəziyyətə nəzarət etmək üçün bütün vasitələrə malik olduğunu vurğulayan nazir deyib ki, yerli istehsalın artırılması üçün dövlət tərəfindən əlavə dəstək tədbirləri həyata keçiriləcək.
Son günlər istehlak bazarında tibbi vasitələrə - spirt və tibbi maskalara təlabatın artmasına da münasibət bildirən Mikayıl Cabbarov hazırda bu məhsulların təchizatında heç bir çətinliyin olmadığını vurğulayıb. Nazir yaxın həftələrdə Azərbaycanda tibbi maskaların istehsalı üzrə yeni müəssisənin işə düşəcəyini bildirib.
Nazir son günlər ticarət mərkəzlərində, mağazalarda müşahidə olunan istehlakçı davranışına dünyanın hər yerində rast gəlindiyini, lakin mövcud şəraitdə insanların belə mərkəzlərdə kütləvi toplaşmasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyyələrinə uyğun olmadığını diqqətə çatdırıb. M. Cabbarov bir daha əhalinin gündəlik təlabat malları, o cümlədən ərzaq məhsulları təchizatında heç bir narahatlıq olmadığını qeyd edib.