Bu şirkət Bakıdan Ankaraya uçuşları bərpa edir
28 aprel 2021 18:16 (UTC +04:00)

Bu şirkət Bakıdan Ankaraya uçuşları bərpa edir

"Buta Airways" aşağıbüdcəli aviaşirkəti beynəlxalq uçuşların coğrafiyasını genişləndirir. Aviaşirkət Bakıdan Türkiyənin paytaxtı Ankara şəhərinə uçuşları bərpa edəcək. Bakı-Ankara-Bakı marşrutu üzrə xüsusi reyslərin mayın 17-dən etibarən həyata keçirilməsi nəzərdə tutulur.  

"Buta Airways"dan “APA-economics”ə verilən məlumata görə, uçuş cədvəlinə əsasən aviaşirkət həftədə iki reys - həftənin birinci və dördüncü günləri uçuşlar yerinə yetirəcək.

Məlumata görə, Azərbaycanın aşağıbüdcəli aviaşirkəti ötən ilin 6 dekabr tarixindən İzmir şəhərinə uçuşlar həyata keçirir, bu il martın 18-dən isə Bakıdan İstanbula hava əlaqəsini bərpa edib.

Ölkədəki epidemioloji vəziyyətlə bağlı tətbiq edilmiş məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə  təklif edir - "Standart" və "Super". Hər iki tarifə ödənişsiz qaydada yer seçimi və hava limanında qeydiyyat  opsiyaları daxildir.

Qeyd edilən reyslərə  biletlər "Buta Airways" aviaşirkətinin rəsmi saytında (“Super” və “Standart” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş  agentliklərində (yalnız “Super” tarifi üzrə) mövcuddur.

Aviabiletlərin qiyməti 55 avrodan başlayır.

Pandemiya dövründə həmin reyslərə  həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci  Terminalında  xidmət göstəriləcəkdir.

Reyslərə mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan kateqoriyalı sərnişinlər qəbul olunacaq.

Bakı-Ankara istiqaməti üzrə reyslərin sərnişinləri:

- Türkiyə ərazisinə giriş hüququna malik olmalıdılar. Pandemiya dövründə Türkiyəyə giriş qaydaları ilə aviaşirkətin saytında aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.butaairways.az/az/covid/turkey

- koronavirus infeksiyasının olmaması barədə tibbi arayış almalıdırlar. Azərbaycanda koronavirus infeksiyasına dair testdən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin saytında dərc edilmişdir: https://www.butaairways.az/az/covid/clinics.

Ankara-Bakı istiqaməti üzrə reyslərin sərnişinləri:

- Azərbaycan ərazisinə giriş hüququnun olub-olmadığını yoxlamalıdırlar. Azərbaycan ərazisinə giriş icazəsi olan şəxslərin siyahısı ilə aşağıdakı keçiddən istifadə etməklə tanış ola bilərsiniz: https://www.butaairways.az/az/covid/azerbaijan.

  - koronavirus infeksiyasının olmaması barədə arayış  almalıdırlar. Testin nəticəsində QR-kod qeyd olunması tövsiyə olunur (QR-kodun həqiqiliyi qeydiyyat masalarında yoxlanılacaq). Türkiyədən uçuş zamanı “Memorial Sağlık Grubu”nun klinikalarından birində və ya ölkənin səhiyyə nazirliyinin saytında dərc olunmuş siyahıdakı klinikalarda test vermək mümkündür:

https://hsgm.saglik.gov.tr/tr/haberler/yetkilendirilmis-covi-d-19-tani-laboratuvarlari.html

 Azərbaycan Respublikasının  Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakıya aviareyslərlə gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdırlar.

Hər iki istiqamət üzrə reyslərin sərnişinləri COVID-19 testinin nəticəsinin uçuşdan əvvəl 48 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar.

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə və ölkədəki epidemioloji vəziyyətlə əlaqədar olaraq sərnişinləri qarşılayan və yola salan vətəndaşlar  aerovağzal binasına buraxılmayacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2592
avatar

Oxşar yazılar