SOCAR “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev bir qrup gələcək mühəndis heyəti ilə onlayn formatda görüş keçirib.
Birlikdən Lent.az-a verilən məlumata görə, gəncləri salamlayan baş direktor aksiyanın mahiyyətini açıqlayıb.
Birlik rəhbəri bildirib ki, məqsəd fəhlə kateqoriyasında çalışan ali təhsilli gənclərin qulluqçu kateqoriyasına keçirilmələrinə şərait yaratmaqdır. Bələ ki, bir il əvvəl gənclərin müraciətlərinə adekvat olaraq, onlar Mühəndis İnkişaf Proqramına cəlb ediliblər. Proqram çərçivəsində 450 nəfərdən artıq işçinin uyğunluğuna baxılıb və onlar arasından 151 nəfər proqrama cəlb olunub. Fərdi İnkişaf Planları, onların icrası və s. haqqında “Azəriqaz” İB-nin İnsan Resursları Departamentinin rəisi Xəqani Bəşirov ətraflı məlumat verib. Departament rəisi xüsusi olaraq bildirib ki, 151 nəfər iştirakçının 84-ü Vətən müharibəsi iştirakçısıdır. Bu da Birlik rəhbərliyinin bu kateqoriyadan olan insanlara həssas münasibətindən irəli gəlir.
Birliyin baş direktoru Ruslan Əliyev gənclərə mühəndisliyə aparan yolda uğurlar arzulayıb və istənilən dəstəyin veriləcəyinə əmin edib. Birlik rəhbəri deyib ki, bundan sonra vakansiyaları daxili elektoratın hesabına təmin etmək ən doğru addım olacaq.