Azərbaycanda fəaliyyət göstərən "Anglo Asian Mining Plc" qızıl-mədən şirkəti "Gədəbəy" müqavilə zonasının mərkəzi sahəsində "Zəfər" adlı yeni mis-qızıl yatağını kəşf edib.
Lent.az məlumat verir ki, bununla bağlı "Anglo Asian Mining"in baş icraçı direktoru Rza Vəziri bildirib ki, şirkət yeni kəşf üçün JORC təxminlərini hazırlamaq və faydalı qazıntıların kommersiya baxımından istismarının ən yaxşı yolunu müəyyənləşdirmək üçün lazımi işləri həyata keçirir.
Şirkətin direktoru Stefan Vesthed isə bildirib ki, ilkin qazma işləri geoloji xəritələşdirmə, geofizika məlumatları və struktur geologiya ilə müəyyənləşdirilən ərazilərə yönəldilib və ümumi uzunluğu 7 675 metr olan 12 qazma çuxuru tamamlanıb. Ümumilikdə, 25 kilometrə yaxın 10 profil xətti də yerüstü induksiyalı qütbləşmə üsulu ilə tamamlanıb. Üç minerallaşma zonası təyin edilib. Quyunun ən əhəmiyyətli kəsişmə yeri 113 metr dərinlikdədir və misin konsentrasiyası orada 0,5%, qızılın isə bir tona 0,7 qram təşkil edir. Minerallaşmanın qalınlığı və tərzi porfir tipli minerallaşma ilə uyğundur".