Azərbaycanda bir, iki və çoxotaqlı mənzillərə dair tələblər müəyyənləşib.
Lent.az-ın məlumatına görə, bu, Dövlət Şəhərsalma və Arxitektura komitəsinin kollegiyasının qərarı ilə təsdiqlənən “Yaşayış binaları. Layihələndirmə normaları”nda əksini tapıb.
Normalara əsasən, mənzillərdə yaşayış otaqları və yardımçı sahələr: mətbəx (və ya taxça-mətbəx), holl, vanna otağı (və ya duş) və tualet (və ya birləşdirilmiş sanitar qovşağı), yığnaq otağı (və ya divar təsərrüfat şkafı) nəzərdə tutulmalıdır.
Mənzillərdə otaqların sahəsi bu ölçüdən az olmamalıdır:
- birotaqlı mənzildə ümumi otaq - 15 m²-dən;
-birotaqlı mənzillərin girişində qarderob – 2,5 m²-dən;
- iki və daha çox otaqlı mənzillərdə ümumi otaq - 16 m²-dən;
- yataq otağı - 8 m² (iki adama - 10 m²-dən);
- mətbəx - 8 m²-dən;
- mətbəx-yemək otağında mətbəx zonası - 6 m²-dən.
Birotaqlı mənzillərdə sahəsi 5 m²-dən az olmayan taxça-mətbəxin layihələndirilməsinə yol veriləcək.
Mansarda mərtəbəsində (və ya maili xarici divarı olan mərtəbədə) yataq otağı və mətbəxin sahəsinin 7 m² -dən az olmamaqla qəbul edilməsinə yol verilir, bu halda ümumi yaşayış otağının sahəsi 16 m²-dən az olmamalıdır.
Yaşayış otaqlarının və mətbəxin hündürlüyü 2,7 m-dən az olmamalıdır.
Mansarda mərtəbələrinin yüksək hissəsində hündürlüyü (döşəmədən tavanadək) 2,7 m-dən az olmamalıdır.
Mənzildaxili dəhlizlərin, holların, antresolların (və onların alt hissələrinin) hündürlükləri insanların hərəkətinin təhlükəsizliyini təmin etmək şərtilə 2,1 m-dən az olmamalıdır.
Mənzillərdə yataq otaqları digər otağa keçid kimi layihələndirilməməlidir.
Dövlət və bələdiyyə sosial təyinatlı və xüsusi təyinatlı mənzil fondunun birotaqlı mənzillərində birləşdirilmiş sanitar qovşağının layihələndirilməsinə yol verilir.