Azərbaycan Beynəlxalq Bankının layihələri mükafatlar qazandı
03 mart 2021 15:35 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Bankının layihələri mükafatlar qazandı

Azərbaycan Beynəlxalq Bankının ötən il həyata keçirdiyi bir sıra layihələr Azərbaycan Banklar Assosiasiyasının mükafatlarına layiq görülüb.  Bank “Korporativ sosial məsuliyyət”, “Ən fəal maliyyə savadlılığı dəstəkçisi”, “Ən fəal təhsil dəstəkçisi”, “Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, “Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü”, “Elektron bankçılıq üzrə innovativ layihələr”nominasiyaları üzrə ilin qaliblərindən olub.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının əmək bazarında informasiya texnologiyaları mütəxəssislərinə olan ehtiyacın təmin edilməsi məqsədilə yaradılmış IBA Tech Akademiyasının fəaliyyəti çərçivəsində həyata keçirilən təhsil layihələri cəmiyyətdə böyük rəğbət doğurub. Bu  layihələrlə yüzlərlə gəncin Akademiyada ödənişsiz təhsil alaraq peşəkar mütəxəssis kimi yetişməsinə şərait yaradılıb. Ötən il Bank cəmiyyət qarşısında sosial məsuliyyətinə uyğun olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna, Azərbaycan Ordusuna Yardım Fonduna,  YAŞAT Fonduna böyük məbləğdə ianələr edib. Eyni zamanda koronaviruslu xəstələrin müalicəsinə kömək məqsədilə Türkiyədən 50-dən çox tibb heyətinin ölkəmizə gətirilməsini maliyyələşdirib.

Azərbaycan Beynəlxalq Bankının ölkəmizdə maliyyə savadlılığına, təhsilin dəstəklənməsinə xidmət edən korporativ sosial məsuliyyət layihələrindən biri də Massaçusets Texnologiya İnstitutunun professoru C.Qruberin dünyanın aparıcı universitetlərində tədris edilən “Dövlət maliyyəsi və dövlət siyasəti” dərsliyinin Azərbaycan dilinə tərcümə və nəşridir.

Azərbaycan Beynəlxalq Bankı ötən il öz məhsul və xidmətlərini pandemiya dövrünün yeni reallıqlarına ən yaxşı şəkildə uyğunlaşdıran banklardan biri olaraq bir neçə layihəni ölkədə ilk dəfə uğurla icra edib. Fiziki və hüquqi şəxs müştərilərin Bankın xidmət ofislərinə gəlmək ehtiyacının aradan qaldırılması üçün məsafədən xidmət, o cümlədən hesab açmaq imkanları yaradılıb. Sahibkarların onlayn satışlarına dəstək məqsədilə IBA Link virtual POS terminal xidməti istifadəyə verilib. Nağdsız ödənişlərin təşviqi məqsədilə bir sıra kampaniyalar keçirilib və yeni məhsullar müştərilərin istifadəsi üçün təqdim edilib. Nağdsız ödənişlər zamanı millər qazandıran loyallıq kartı IBA miles, Tələbə məlumatlarını əks etdirən həm də ödəniş kartı olan Təhsil kartı təqdim edilib. Kəşbək qazanmaq fürsətləri artırılıb. Bankın IBA Mobile tətbiqi yenilənib və tətbiqə çoxsaylı funksiyalar əlavə edilib. Təmassız ödənişlərin artırılması məqsədilə yeni bankomatlarda təmassız ödəniş alətlərindən istifadə və Azərbaycan Dəmir Yollarında təmassız ödəniş alətləri ilə ödənişlər ölkədə ilk dəfə tətbiq edilib. NFC texnologiyalarının tətbiqi hesabına təmassız ödəniş dövriyyəsi yüksəlib.

Bank ötən il kiçik və orta sahibkarlarla tərəfdaşlıq əlaqələrini də gücləndirib. Kiçik və orta biznes layihələrinin maliyyələdirilməsi genişləndirilib. Sahibkarlarla işgüzar münasibətlərin inkişafı üçün Bank Sahibkarlar Klubunu yaradıb. Eyni zamanda FinTech sahəsində innovativ təşəbbüslərin dəstəklənməsi məqsədilə Azərbaycan Beynəlxalq Bankı 1-ci IBA Regional Hakatonunu keçirib və IBA İnnovasiyalar Mərkəzini yaradıb.

Azərbaycan Beynəlxalq Bankının “Korporativ sosial məsuliyyət”, “Ən fəal maliyyə savadlılığı dəstəkçisi”, “Ən fəal təhsil dəstəkçisi”, “Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, “Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü”, “Elektron bankçılıq üzrə innovativ layihələr” nominasiyaları üzrə qalib olması bütün bu layihələrə verilən ictimai qiymətdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1050
avatar

Oxşar yazılar