AZAL, ADY və  “BakuBus” Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildi
30 mart 2021 14:46 (UTC +04:00)

AZAL, ADY və “BakuBus” Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildi

AZAL Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. 

Lent.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Prezidentinin 2008-ci il 16 aprel tarixli 2761 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" sərəncamda əksini tapıb. 

***

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar CəmiyyətiAzərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.

Lent.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" sərəncamında əksini tapıb. 

***

Prezident İlham Əliyev “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən, “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin tabeliyi dəyişdirilərək Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilir.

Bununla əlaqədar Cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

1.1. Azərbaycan Respublikasının Prezidentinə:

1.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi;

1.1.2. Cəmiyyətin Müşahidə Şurasının və icra orqanının üzvlərinin, o cümlədən onların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

1.2. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqinə:

1.2.1. Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

1.2.2. Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

1.2.3. Cəmiyyətin xalis mənfəətinin bölüşdürülməsi siyasətinin təsdiq edilməsi;

1.2.4. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 50 (əlli) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi.

2. Müəyyən edilsin ki:

2.1. Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 3 (üç) üzvdən ibarət Müşahidə Şurası yaradılır;

2.2. Cəmiyyətin Müşahidə Şurasının səlahiyyətləri aşağıdakılardır:

2.2.1. Cəmiyyətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək;

2.2.2. Cəmiyyətin xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək;

2.2.3. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 50 (əlli) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına dair ümumi yığıncağa təkliflər vermək;

2.2.4. aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan və dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizədək hissəsini təşkil edən əqdləri təsdiq etmək;

2.2.5. mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, Cəmiyyətin aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdlərin bağlanmasına razılıq vermək;

2.2.6. Cəmiyyətin fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti, daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək;

2.2.7. Cəmiyyətin korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək;

2.2.8. Cəmiyyətin Audit Komitəsini və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

2.2.9. bu Sərəncamın 1-ci hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Cəmiyyətin nizamnaməsi və Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsindən irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün;

3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan İnvestisiya Holdinqi:

4.1. Cəmiyyətin idarə olunmasına dair korporativ idarəetmə standartlarını, habelə onun idarəetmə orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini altı ay müddətində təsdiq etsin;

4.2. beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə Cəmiyyətin hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrinin diaqnostikasının aparılmasını üç ay müddətində təmin edib nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3. bu Sərəncamın 4.2-ci bəndində nəzərdə tutulan diaqnostika başa çatdıqdan sonra onun nəticəsindən asılı olaraq, Cəmiyyətin yeni nizamnaməsinin və strukturunun layihəsini üç ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

5. Bakı Nəqliyyat Agentliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 289 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. 

Lent.az-ın xəbərinə görə, sərəncama əsasən, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 289 nömrəli Sərəncamının 3-cü və 4-cü hissələri aşağıdakı redaksiyada verilir:

“3. Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Prezidentinə:

3.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi;

3.1.2. Cəmiyyətin Müşahidə Şurasının və icra orqanının üzvlərinin, o cümlədən onların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

3.2. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqinə:

3.2.1. Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

3.2.2. Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

3.2.3. Cəmiyyətin dividend siyasətinin təsdiq edilməsi;

3.2.4. Cəmiyyətin qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi;

3.2.5. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi.

4. Müəyyən edilsin ki:

4.1. Cəmiyyətin fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır;

4.2. Cəmiyyətin Müşahidə Şurasının səlahiyyətləri aşağıdakılardır:

4.2.1. Cəmiyyətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək;

4.2.2. Cəmiyyətin xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək;

4.2.3. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına dair ümumi yığıncağa təkliflər vermək;

4.2.4. aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan və dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizədək hissəsini təşkil edən əqdləri təsdiq etmək;

4.2.5. mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, Cəmiyyətin aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdlərin bağlanmasına razılıq vermək;

4.2.6. Cəmiyyətin fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti, daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək;

4.2.7. Cəmiyyətin korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək;

4.2.8. Cəmiyyətin Audit Komitəsini və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

4.2.9. bu Sərəncamın 3-cü hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Cəmiyyətin Nizamnaməsi və Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan İnvestisiya Holdinqi:

3.1. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin idarə olunmasına dair korporativ idarəetmə standartlarını, habelə onun idarəetmə orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini altı ay müddətində təsdiq etsin;

3.2. beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrinin diaqnostikasının aparılmasını dörd ay müddətində təmin edib nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. bu Sərəncamın 3.2-ci bəndində nəzərdə tutulan diaqnostika başa çatdıqdan sonra onun nəticəsindən asılı olaraq, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yeni nizamnaməsinin və strukturunun layihəsini iki ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2676
avatar

Oxşar yazılar