2021-ci ildə Avropada 9.7 milyon ədəd yeni avtomobil satılıb. Bu, 1990-cı ildən sonra ən ciddi geriləmədir.
Lent.az-ın xəbərinə görə, bu məlumat Avropa Avtomobil Federasiyaları Assosiasiyasının ötən ilə dair hesabatında yer alır. Sənəddə göstərilir ki, avtomobil sənayesinin böhran keçirdiyi 1993 və 2013-cü illərdə belə satış daha çox olub.
Qitədə satışlar 6 aydır ardıcıl olaraq geriləyir. Satışların azalması özünü Avropa avtomobil sənayesinin özəyi olan Almaniyada daha ciddi göstərib. İl ərzində 2.6 milyon ədəd təzə avtomobil satılıb ki, bu da illik əsasda 10% geriləmə deməkdir.
Benelüks ölkələrində də azalma böyük rəqəmlərlə ifadə olunur. Bəzi ölkələrdə isə 2020-ci illə müqayisədə nisbi canlanma müşahidə olunur: Satışlar Fransada 0,5, İspaniyada 1, İtaliyada 5% artıb.
Şirkətlər üzrə satışlar da ciddi geriləyib. Qitənin ən böyük istehsalçısı olan “Volkswagen” qrupun satışlarında 4,8% kiçilmə qeydə alınıb. Bundan başqa, “Renault” qrupunun satışları 10,8, “Stelantis” qrupunun isə 2,1% geriləyib.
Maraqlıdır ki, asiyalı istehsalçıların köhnə qitədə satışları davamlı şəkildə artır. İl ərzində “Toyota”nın satışları 9, Hunday-Kia qrupunun isə 18% artıb.
Satışlarının geriləməsi həm də istehsalın azalması ilə izah olunur. Sonuncunun səbəbi təchizat zəncirinin pozulması nəticəsində yaranan detal qıtlığıdır.