ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsi başlandı
20 sentyabr 2021 18:19 (UTC +04:00)

ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsi başlandı

EY Azərbaycan şirkəti ABB və bp-nin maliyyə dəstəyi ilə növbəti “EY İlin İş Adamı” proqramına start verdiyini elan edib. Müsabiqədə iştirak etmək istəyən sahibkarlar və iş adamları artıq öz ərizələrini müsabiqə komitəsinə təqdim edə bilərlər. EY şirkəti tərəfindən təsis olunmuş müsabiqə dünyada biznes mükafatı təqdim edən ən nüfuzlu proqramlardandır.

Liderlik və uğur nümayiş etdirən iş adamları fəaliyyət sahələrindən asılı olmayaraq proqrama qoşulmaq üçün ərizələrini 20 dekabr 2021-ci ilədək təqdim etməyə dəvət olunurlar.

Xatırladaq ki, “EY İlin İş Adamı” proqramı ölkəmizdə artıq üçüncü dəfə elan edilir. Milli müsabiqənin qalibi "EY Dünya Üzrə İlin İş Adamı" müsabiqəsində Azərbaycanı təmsil etmək və digər ölkələrin finalçıları ilə yarışmaq imkanı qazanacaq. Proqram Azərbaycanda istənilən sahədə fəaliyyət göstərən sahibkarlar üçün açıqdır. Namizədlər şirkətin fəaliyyətində əsas məsuliyyəti daşımalı və şirkətin ən azı 20% hissəsinə sahib olmalıdırlar. Son iki il ərzində şirkətin  dövriyyəsi ən azı bir maliyyə ili üzrə 300 min manatdan 30 milyon manatadək olmalıdır.

Uyğunluq meyarları və müsabiqə ilə bağlı ətraflı məlumatla proqramın rəsmi saytında https://www.eoy.az tanış olmaq mümkündür. Müsabiqənin finalçıları və qalibi tanınmış sahibkarlar, dövlət şirkətlərinin top-menecerləri, beynəlxalq maliyyə qurumlarını təmsil edən idarəçilərdən ibarət müstəqil münsiflər heyəti tərəfindən seçiləcək. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Ekvita şirkəti də müsabiqənin tərəfdaşlarındandır.

 

# 1383
avatar

Oxşar yazılar