COVID-19 pandemiyasının ölkə iqtisadiyyatına ziyanlı təsirlərinin minimallaşdırılması məqsədilə həyata keçirilən dövlət dəstəyi tədbirlərində Azərbaycan Beynəlxalq Bankı da yaxından iştirak edir.
Bank Sahibkarlığın İnkişafı Fondu ilə birgə sahibkarlara güzəştli kreditlərin verilməsinə başlayıb. İş adamları indi biznes kreditlərini Azərbaycan Beynəlxalq Bankından daha aşağı faizlərlə əldə edə bilərlər. Belə ki, 36 ayadək verilən kreditlərin faizi 7.5%-ə endirilib. Bu kreditlər sahibkarlara subsidiya edilmiş faiz dərəcələri və dövlət zəmanəti ilə verilir.
Biznesə dövlət dəstəyi proqramı çərçivəsində sahibkarlara sürətli və ənənəvi olmaqla iki növ kredit təklif edilir. Sürətli kreditin məbləği 200 min manata, ənənəvi kreditin məbləği isə 3 milyon manata qədərdir.
Dövlət zəmanəti ilə verilən krediti əldə etmək istəyən sahibkar Elektron Kredit
Platformasına zəruri məlumatları daxil edərək müvəkkil bankı seçir. Biznes-planına uyğun şəkildə kredit məbləğini qeyd etməklə müraciətini təsdiqləyir. Sürətli kredit üçün müraciət etmiş sahibkarın müraciətinə Bankda maksimum 7 iş günü, ənənəvi kredit üzrə müraciətlərə isə 10 iş günü ərzində baxılır.
Subsidiya edilmiş faiz dərəcələri və dövlət zəmanəti ilə verilən kreditlərin məqsədinə uyğun olaraq bu kreditlərdən yalnız pandemiyadan ziyan çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlar faydalana bilərlər.
Bu kreditlərdən istifadə qaydalarının sahibkarlara ətraflı izahı üçün avqustun 7-də, Azərbaycan Beynəlxalq Bankının Sahibkarlar Klubunun üzvləri üçün vebinar keçirilib.
Vebinarda Bankın və Sahibkarlığın İnkişafı Fondunun nümayəndələri bununla bağlı sahibkarları maraqlandıran məqamlara aydınlıq gətiriblər.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.