Maşınlar üçün bu rüsum ləğv olunur
10 sentyabr 2020 17:08 (UTC +04:00)

Maşınlar üçün bu rüsum ləğv olunur

Avtomobillərin addan ada keçirilməsi zamanı rüsumların dəyişdirilməsi barədə məlumat yayılıb. Məlumatdan aydın olur ki, 3 istiqamətdə dəyişiklik nəzərdə tutulur.

Lent.az xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında avtomobillərin addan-ada keçirilməsi qaydalarına edilən dəyişikliklərə fikir bildirərkən hüquqşünas Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, dəyişiklik qüvvəyə minsə, maşınların yaxın qohumların adına keçirilməsi zaman əlavə rüsum alınmayacaq:

“Birinci dəyişikliyə əsasən, fiziki şəxslər tərəfindən minik avtomobillərinin addan ada keçirilməsi zamanı tutulan, mühərrikin iş həcmindən və avtomobilin istehsal ilindən asılı olan rüsum yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlama halına aid edilməyəcək. Məlumdur ki, addan ada keçirilmə zamanı aşağıdakı rüsumlar tutulur:

- qeydiyyat şəhadətnaməsinin rüsumu 25 manat;

- nömrənin rüsumu - 22 manat (bəzi nömrələrin hərracdan satılması tətbiq edildikdən sonra 35 manat olacaq);

- texniki baxışın rüsumu (əgər texniki baxış keçirilməlidirsə) – 30 manat;

- qeydiyyat rüsumu – yük avtomobilləri, avtobuslar üçün, habelə minik avtomobili hüquqi şəxs tərəfindən addan-ada keçiriləndə 10 manat, minik avtomobili fiziki şəxslər tərəfindən addan-ada keçiriləndə isə mühərrikin iş həcmindən və avtomobilin istehsal ilindən asılı olan məbləğ (bu, təxminən 10-1500 manat arasında ola bilər).

Təklif olunan dəyişiklik layihəsi qəbul edilsə, sonuncu göstərilən rüsum yaxın qohumlara bağışlama halında cəmi 10 manat olacaq. Yəni minik avtomobilinin mühərrikinin iş həcmindən və istehsal ilindən asılı olmayacaq”.

Hüquqşünas bildirib ki, edilən dəyişiklikdə rüsumların artması barədə heç nə deyilmir:

“Dəyişdirilən ikinci məsələ ondan ibarətdir ki, minik avtomobillərinin fiziki şəxslər tərəfindən addan-ada keçirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə, dövlət rüsumunun məbləğinin hər il üçün təsdiq olunması mexanizmi ləğv ediləcək. Qüvvədə olan qanuna əsasən, bu rüsumu Nazirlər Kabineti hər il üçün ayrıca müəyyən etməlidir. Hazırda Nazirlər Kabinetinin bu barədə 31 iyul 2018-ci il, № 336 qərarı var. Onsuz da bu qərar 2020-ci il üçün yenilənmədi. Dəyişiklik qüvvəyə minsə, yəqin ki, elə bu qərar uzunmüddətli olacaq.

Daha bir düzəliş “özgəninkiləşdirmə” ifadəsinin nəyi ehtiva etməsinin dəqiqləşdirilməsi olacaq. Bu ifadənin təcrübədə birmənalı tətbiqi üçün buna da ehtiyac var.

Beləliklə, yayılan məlumatda rusumların artması barədə heç nə deyilmir, hətta əksinə, yaxın qohuma bağışlamada rüsum əhəmiyyətli dərəcədə azalacaq. Hər bir halda gözləyək görək, həmin layihə nə vaxt rəsmi dərc olunacaq. Onda hər şey daha aydın olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7588

Oxşar yazılar