İpoteka və Kredit Zəmanət Fondundan MÜHÜM AÇIQLAMA
25 aprel 2020 14:44 (UTC +04:00)

İpoteka və Kredit Zəmanət Fondundan MÜHÜM AÇIQLAMA

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditlərinin restrukturizasiyası ilə bağlı məsələlər Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nın 6-1-ci hissəsi ilə tənzimlənir.

"APA-Economics" bu barədə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir.

Məlumatda deyilir ki, Fondun qaydalarına əsasən, intizamlı borcalanlar müvəqqəti maliyyə çətinlikləri ilə üzləşdikləri (gəlirin azalması və ya itirilməsi, xəstəlik, bədbəxt hadisə, özünün və ya himayəsində olan şəxslərin həyatı və fəaliyyəti ilə əlaqədar müntəzəm ödənişlərin artması və s.) hallarda kreditin restrukturizasiyası üçün müraciət edə bilərlər.

"Məlum olduğu kimi, Fond tərəfindən ipoteka kreditləri gəlirləri rəsmi qaydada təsdiq olunan ödəniş qabiliyyətli borcalanlara verilir və hazırda bunun sayəsində yüksək keyfiyyətli ipoteka kreditləri portfeli formalaşıb. Nəticədə, restrukturizasiya mexanizminin tətbiq olunduğu son 4 il ərzində borcalanların müraciəti əsasında cəmi 37 kredit üzrə restrukturizasiya tədbirləri həyata keçirilib.

Hazırda koronavirus  pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin qarşısının alınması məqsədilə dövlət tərəfindən məqsədyönlü kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər nəticəsində ölkədə iş yerlərinin və fiziki şəxslərin gəlirlərinin qorunması təmin olunur."

Məlumatda qeyd olunub ki, hazırda Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditləri üzrə borcalanlar tərəfindən öhdəliklər vaxtında həyata keçirilir və ödənişlərdə əvvəlki dövrlərdən fərqli tendensiya müşahidə edilmir.

"Bütün bunları nəzərə alaraq, gəlirlərinin azalması və iş yerlərinin itirilməsi halları ilə üzləşmiş intizamlı borcalanlar yalnız qaydalarla nəzərdə tutulmuş əsaslar yarandıqda ipoteka kreditlərinin restrukturizasiyası üçün müvafiq qaydada müraciət edə bilərlər."

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2733
avatar

Oxşar yazılar