Ermənistanın 4 gündəki hərbi itkilərinin həcmi AÇIQLANDI
02 oktyabr 2020 12:52 (UTC +04:00)

Ermənistanın 4 gündəki hərbi itkilərinin həcmi AÇIQLANDI

Azərbaycan Ordusunun əks-həmləsi Ermənistan üçün ağır başa gəlib.

APA-Economics”in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib.

“İlk 4 gün ərzində düşmənə endirilən zərbələr nəticəsində Ermənistanın təxmini 1,2 mlrd. ABŞ dollarından çox qiyməti olan hərbi texnika və sursatı məhv edilib. Ən əsası məhv edilən hərbi infrastrukturdur ki, bunun da bərpasına onilliklər lazım olur. Ermənistanın hərbi itkilərinin maliyyə tutumu onun dövlət büdcəsində hərbi istiqamətə nəzərdə tutulmuş xərclərinin həcmini iki dəfə üstələyir. Eyni zamanda ilk 4 gündə məhv edilən təkcə hərbi texnika və sursatın dəyəri Ermənistanın strateji valyuta ehtiyatlarının yarısına və dövlət büdcəsinin üçdə birinə bərabərdir”, - deyə V. Qasımlı bildirib.

O həmçinin qeyd edib ki, artıq Ermənistan milli valyutası – dramın devalvasiyası və ərzaq qıtlığı kimi təhdidlərlə üzbəüzdür: “Azərbaycan Ordusunun uğurlu əks-həmləsi Ermənistanın onsuz da yüksək olan risk dərəcəsini bir qədər də artırır və ölkədən valyuta axınını sürətləndirir. İndi bu ölkəyə sərmayə qoymaq və borc vermək daha da təhlükəli olmuşdur. Proseslərin belə davamı Ermənistanda yoxsulların sayının da kəskin artmasına səbəb olacaqdır. Beləliklə, düşmən ölkəni əvvəlcə iqtisadi, sonradan isə həm də sosial və siyasi böhran gözləyir”.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Ermənistan iqtisadiyyatının düşdüyü mövcud vəziyyət təhlil edilərək hesabat hazırlanır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 847
avatar

Oxşar yazılar