Azərbaycan gündəllik neft hasilatını 554 min. barelədək azaldacaq
10 aprel 2020 08:18 (UTC +04:00)

Azərbaycan gündəllik neft hasilatını 554 min. barelədək azaldacaq


Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən 9-cu iclasında 11 saata yaxın davam edən müzakirələrin yekununda yeni ”Əməkdaşlıq Bəyannaməsi”  Meksikanın  təklif olunan həcmlərlə razılaşacağı şərti ilə qəbul edilib.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, yeni ”Əməkdaşlıq Bəyannaməsi”gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən üç mərhələ ilə azaldılmasını nəzərdə tutur. Lakin Meksika ”Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq  bu mərhələlər üzrə  müvafiq olaraq 400-320-240 min barel həcmlərində  müəyyənləşdirilmiş kvotalarla razılaşmayıb. Meksika istisna olmaqla digər “OPEC plus” ölkələri  gündəlik neft hasilatının müxtəlif  müddətlər və həcmlərdə azalması ilə bağlı razılıq əldə ediblər.

Məlumata əsasən, “Əməkdaşlıq Bəyannaməsi” qüvvəyə minəcəyi təqdirdə,  “OPEC plus” ölkələri  may-iyun aylarında gündəlik hasilatı 2018-ci ilin oktyabr ayı səviyyəsindən 23% olmaqla 10 mln. barrel həcmində  azaldacaqlar.  Bu mərhələdə hasilat öhdəlikləri OPEC ölkələri üçün sutkada 6,085 mln. barrel, qeyri-OPEC ölkələri üçün isə  3,915 mln. barel müəyyən edilib. Qeyd edək ki, OPEC və qeyri-OPEC ölkələrinin hasilatın məhdudlaşdırılması kvotalarına yalnız xam neft həcmləri daxildir. Budəfəki öhdəliklərdə kondensat həcmləri nəzərə alınmayıb. 

Dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan yeni Razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barel azaltmalı olacaq. Bu müddət ərzində  Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamalıdır. 

2020-ci ilin iyul-dekabr aylarında  isə “OPEC +” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 18% olmaqla 8 mln. barel azaldılması razılaşdırılıb. Bu zaman kvotalar  OPEC  üzrə gündəlik 4,868 mln., qeyri-OPEC üzrə isə 3,132 mln. barel müəyyənləşdirilib.  Azərbaycan  bu dövrdə gündəlik istehsalını 131 min barel azaltmaqla 587 min barrel səviyyəsində saxlamalı olacaq.

Əməkdaşlıq Bəyannaməsində 2021-ci ilin yanvar ayından  2022-ci ilin aprelinədək isə  “OPEC plus” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 14% olmaqla 6 mln. barel azaldılması öz əksini tapıb.  Bu müddətdə hasilat öhdəlikləri OPEC üçün 3,651 mln barel, qeyri-OPEC üzrə 2,349 mln barel nəzərdə tutulub. Azərbaycan isə həmin dövrdə  98 min barel azalma  ilə hasilatı 620 min barel həcmində saxlamaq öhdəliyini götürməli olacaq.   

Videokonfransa  “OPEC plus” ölkələri ilə yanaşı ilk dəfə olaraq  Kanada, Norveç, Argentina, Braziliya, Kolumbiya, İndoneziya, Misir, Çad, Trinidad və Tobaqo kimi ölkələr də  qatılıb. İclasda “OPEC+” formatından kənar neft ölkələrinə də  bu prosesə qoşulmaq çağırışı edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1630
avatar

Oxşar yazılar