Sentyabrın 24-27-də ADA Universiteti, “ACM-W” Avropa təşkilatçılığı, “Azercell Telekom” MMC-nin Rəqəmsal Tərəfdaşlığı və Azərbaycan Konqreslər Bürosunun dəstəyi ilə ACM-in İnformatikada qadınların rolunu təbliğ edən 7-ci beynəlxalq “womENcourage” toplantısı keçiriləcək. Ənənəvi olaraq konfrans, karyera sərgisi və hakafondan ibarət bu beynəlxalq tədbir hər il dünyanın müxtəlif ölkələrində keçirilir. Bu il ADA Universitetinin ev sahibliyi edəcəyi toplantının iştirakçıları pandemiya səbəbindən onlayn görüşəcəklər.
ACM (Association for Computing Machinery, “ey-si-em”, Hesablama Maşınları üzrə Assosiasiya) informatika sahəsində ən qədim və ən böyük peşəkar təşkilatdır. “İnformatikanın Nobel mükafatı” adlandırılan A.M.Türinq mükafatı əsası 1947-ci ildə qoyulmuş bu təşkilat tərəfindən verilir.
“womENcourage”in məqsədi texniki istiqamətlərdə təhsil alan və ya işləyən xanımları, həmçinin qadınların informatika sahəsinə daha çox cəlb olunmağına çalışan hər kəsi bir araya gətirmək, onlar üçün təcrübə mübadiləsi aparmaq, elmi-tədqiqatlarını təqdim etmək imkanı yaratmaqdır.
Dörd gün davam edəcək virtual tədbirin açılışında yeni seçilmiş ACM Prezidenti salamlama nitqi söyləyəcək. İlk iki gün baş tutacaq konfrans hissəsində dünya səviyyəli çıxışçıların iştirakı ilə “Böyük verilənlər analitikasının böyük vədləri” və “Süni intellekt: alqoritmlərdən etikaya” mövzularında təqdimatlar və panel müzakirələri aparılacaq. Konfrans proqramına həmçinin bakalavr, magistr və doktorantların göndərdiyi tədqiqat işləri arasında beynəlxalq komitənin seçdiyi 30 posterin təqdimatı daxildir. Təqdim edilən tədqiqatların müəllifləri dünyanın 5 qitəsindəki 17 ölkəni təmsil edir.
Bundan əlavə, “womENcourage 2020” iştirakçılarını karyera yarmarkası və haker marafonu (“hakathon”) gözləyir. İştirakçılar karyera yarmarkasında müxtəlif texnoloji şirkətlərin nümayəndələri ilə şəxsi kabinetdə söhbət edib müvafiq vakansiyalardan yararlana bilərlər. Hakafonda isə haker komandaları real həyatdan götürülmüş problemə texnoloji bir həll gətirəcək funksional prototip yaratmaq üçün yarışacaqlar. Bu tapşırıqlardan biri də Azercell şirkətinin Big Data və Təhlillər departamentinin direktoru Azad Hüseynov tərəfindən təqdim olunacaq. Bu mübarizəyə qatılmaq üçün heç də mütləq proqramçı və ya kompüter elmləri üzrə ixtisasa malik olmaq tələb olunmur.
“womENcourage” bu il “bərabərliyin iki tərəfi var” şüarı altında təşkil olunur. Bu deviz informatika sahəsində məşğul olan insanlar arasında müxtəliflik və balansın olmasını təbliğ edir. Konfransın yalnız qadınlar üçün olmadığını bəyan edən təşkilatçılar tədbirdə rekord sayda kişilərin iştirakını hədəfləyiblər.
Odur ki, hər kəsi Azercell-in “Qızıl Sponsor”luğu ilə keçirilən bu toplantı üçün 14 avqusta qədər davam edən erkən qeydiyyatdan keçməklə tədbirin yaratdığı imkanlardan yararlanmağa dəvət edirik. Əlavə məlumatı http://womencourage.acm.org/2020/ ünvanında əldə etmək mümkündür.
Qeyd edək ki, bir sıra texnoloji yeniliklər, innovativ həllər, müasir xidmətlər vasitəsilə abunəçilərin həyatını asanlaşdıran Azercell hər zaman telekommunikasiya texnologiyaları sahəsində layihələri dəstəkləyib, çoxsaylı tədbirlər təşkil edib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Hackathon” müsabiqəsinin də davamlı olaraq sponsoru qismində çıxış edib.