Azərbaycan ordusunun tarixi Zəfərinin ildönümü münasibətilə Azərbaycan Mərkəzi Bankı tərəfindən tədavülə buraxılan 500 manat nominallı "Zəfər" xatirə banknotu məhdud sayda (1 mln. ədəd) istehsal olunub.
Bu barədə Lent.az-a Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Bildirilib ki, beynəlxalq təcrübəyə uyğun olaraq, xatirə banknotunun istehsal limitinin artırılması nəzərdə tutulmur.
AMB-dən verilən məlumata görə, hazırda istehsal olunmuş 500 manatlıq xatirə pul nişanlarının 22%-i tədavüldədir və bu pul nişanları digər dövriyyə pulları kimi ölkə ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir.
Qeyd edək ki, "Mərkəzi Bank haqqında" qanunu"nun 33.6-cı bəndinə əsasən Mərkəzi Bankın buraxdığı pul nişanları, o cümlədən yubiley və xatirə pul nişanları Azərbaycanın bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul edilir.
Xatırladaq ki, 500 manat nominallı xatirə pul nişanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağın azadlığı uğrunda 2020-ci ildə aparılmış 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun tarixi zəfəri münasibəti ilə Mərkəzi Bankı 2021-ci il noyabrın 4-də tədavülə buraxıb.