“İqtisadiyyat Nazirliyi tərəfindən qısa müddətdə müraciətlərin qəbulu və ödənişlərin verilməsi göstərir ki, hökumət koronavirus (COVİD-19) pandemiyasının sahibkarlara mənfi təsirlərinin minimuma endirilməsi üçün çevik addımlar atır”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Millət vəkili deyib ki, həm iri, həm də fərdi (mikro) sahibkarların müraciət mexanizmi kifayət qədər sadə, meyarlar isə əlçatandır: “İqtisadi paket imkan verdi ki, sahibkarlar öz elektron kabinetləri vasitəsi ilə dövlət yardımının alınması üçün müraciət etsinlər. Söhbət 600 mindən çox vətəndaşımızın çalışdığı sahibkarlıq subyektlərinə maliyyə yardımının həyata keçirilməsindən gedir. Birinci istiqamət üzrə sahibkarlıq subyektlərində çalışan və əməkhaqqı 712 manatdan az olan işçilərin əməkhaqları tam olaraq ödənildi. Bu da nəticə etibarı ilə özəl sektorda çalışan vətəndaşlarımızın hətta iş yerləri dayansa belə, dövlətdən maliyyə yardımı almasına imkan verdi. Dövlət sahibkara yardım etməklə həmin sahibkarlıq subyektlərində iş yerlərinin qorunub saxlanmasına nail olur. Bu da dövlətin iqtisadi paketinin eyni zamanda sosial elementlərinin olmasından xəbər verir. İqtisadi paket sosial müdafiə elementlərinin gücləndirilməsinə hesablanmış tədbirlər planını da özündə ehtiva edir”.
V.Bayramov qeyd edib ki, sahibkarlar həm onlayn müraciət etmək, həm də yardımı bank hesablarına köçürülməklə almaq imkanına malikdir: “Onlayn müraciət, müraciətlərin onlayn yoxlanılması maliyyə yardımı ilə bağlı qərarların daha çevik verilməsinə şərait yaradır. Digər tərəfdən, meyarların elan edilməsi imkan verir ki, həm iri, həm də fərdi (mikro) sahibkarlar dövlətdən alacaqları yardımı özləri hesablaya bilsinlər. Bu da yardımın şəffaf şəkildə çatdırılması baxımından vacib elementlərdən biridir. Bu baxımdan İqtisadiyyat Nazirliyi tərəfindən Tədbirlər Planının icrasının təmin edilməsi və sahibkarlara yardımların verilməsi göstərir ki, hökumət daha qısa zamanda koronavirusun sahibkarlara təsirlərini minimumlaşdırmağa çalışır və praktik olaraq Tədbirlər Planına uyğun qısa zamanda bütün sahibkarlar dövlət yardımı ala biləcəklər. Bu da imkan verəcək ki, həmin özəl sahibkarlıq subyektlərində əvvəllər işləmiş, hazırda məzuniyyətdə olan vətəndaşlarımız dövlət yardımı hesabına öz əməkhaqlarını ala bilsinlər”.