“Biz makroiqtisadi vəziyyəti qorumalıyıq. Eyni zamanda, banklar indiki şəraitdə biznesə daha böyük dəstək verməlidirlər. Mən çox şadam ki, artıq biznes kreditlərinin faizi artır, amma istehlak kreditlərinin faizi düşür. Bu, hesab edirəm ki, çox yaxşı tendensiyadır və bu, saxlanmalıdır”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə çıxışında deyib.
Prezident İlham Əliyev bankların özünüməşğulluq proqramına qoşulmasını alqışladığını qeyd edib: “Yaxşı bilirsiniz ki, bu proqrama çox böyük tələbat var və biz nəzərdə tuturduq ki, dövlət xətti ilə on min insana vasitələri təqdim edək. İndi Dünya Bankı da buna qoşuldu. Onlar tərəfindən də vasitələr veriləcək, bizim banklar da verəcək. Çünki tələbat daha çoxdur. Təqribən 40-50 min tələb, yəni, sifariş var. Ona görə xüsusilə indiki şəraitdə mikrobiznesin inkişafı, - indi kənd təsərrüfatında da bu sahədə işlər nəzərdə tutulur, - mütləq aparılmalıdır ki, biz biznesi qoruyaq, onlara dəstək verək və razıyam ki, artıq normal həyata qayıtmaq üçün hazırlıq işlərimizi aparmalıyıq.
Ona görə mən bütövlükdə bank sektorunda və makroiqtisadi sahədə görülmüş işləri müsbət qiymətləndirirəm, belə də davam edin. Bilirəm ki, siz gündəlik formatda hər şeyə monitorinq aparırsınız. Hesab edirəm ki, faiz dərəcələrinin sabit saxlanması da çox müsbət addımdır, o qədər də asan məsələ deyil. Çünki neftin qiymətinin kəskin düşməsi, iqtisadi fəallığın azalması istər-istəməz faiz dərəcələrinin artımını şərtləndirirdi. Ancaq son aylar ərzində faiz dərəcələri ardıcıllıqla aşağı düşür. Ona görə siz bu dərəcələri indi də sabit saxlayırsınız. Hesab edirəm ki, indiki vəziyyətə görə bu, düzgün addımdır.
Təbii ki, koronavirus iqtisadi fəallıqla bağlı bizə çox böyük problem yaratdı. Ancaq buna baxmayaraq, hesab edirəm ki, vaxtında atılmış addımlar, xüsusilə sahibkarlara, biznesə verilən dəstək bir daha dövlətin siyasətini göstərir. Bizim həm siyasətimiz birmənalıdır, həm də imkanlarımız var. Bu imkanları biz yaratmışıq. Əgər biz bu maliyyə imkanlarımızı yaratmasaydıq, bu gün necə kömək edərdik? Mən Azərbaycanı heç kimlə müqayisə etmək istəmirəm, amma biz baxırıq, görürük indi başqa ölkələrdə nələr baş verir. Adambaşına bizdəki qədər düşən dəstək həcmi az ölkələrdə müşahidə olunur. Çünki indi bizim həm imkanlarımız var, - düzdür, neftin qiymətinin aşağı düşməsi bu imkanlara da mənfi təsir göstərir, - eyni zamanda, siyasi iradə də var. Ona görə bu vəziyyətdə biznes strukturlarının dəstəklənməsi təbiidir və biz heç vaxt onları ağır vəziyyətdə qoya bilmərik. Çünki koronavirus onların biznesinə ziyan vurub, biz isə onların işini yüngülləşdirməliyik.
Onu da bildirməliyəm ki, son vaxtlar aparılan islahatlar nəticəsində Azərbaycanda biznes mühiti böyük dərəcədə yaxşılaşmışdır. Bunu bir neçə mötəbər beynəlxalq təşkilat da qeyd edir. Bu yaxınlarda məşhur “Heritage” Fondu da iqtisadi azadlıqlarla bağlı reytinq cədvəli tərtib edib və Azərbaycan iqtisadi azadlıqlar indeksinə görə dünyada 44-cü yerdədir. Bir il ərzində biz 19 pillə qalxmışıq. Hesab edirəm ki, bu, böyük nəticədir".