"Atabank" və "Amrahbank"dakı əmanətləri bu bank verəcək
08 may 2020 18:15 (UTC +04:00)

"Atabank" və "Amrahbank"dakı əmanətləri bu bank verəcək

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, “Atabank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent bank qismində “Kapitalbank” ASC seçilib.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, “Atabank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödəniləcək.

Əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kompensasiya olunacaq.

“Kapitalbank” ASC-nin filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq.  Belə ki, 1 iyun 2020-ci il tarixindən başlayaraq “Atabank” ASC və “Amrahbank” ASC-də 30 min manat ekvivalentinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə kompensasiyaların verilməsi nəzərdə tutulub. 1 iyul 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə kompensasiyaların verilməsi planlaşdırılır.  

“Əmanətlərin sığoratalanması haqqında” Azərbaycan Respublikasının Qanunun 28.3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Əmanətlərin qaytarılması prosesi haqqında vətəndaşlara əlavə məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə “Atabank” ASC və “Amrahbank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv edilib.

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq “Atabank” ASC və “Amrahbank” ASC-də sığorta hadisəsi günü 28 aprel 2020-ci il müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7596
avatar

Oxşar yazılar