Valentin Xristovdan qızıl medal və yeni rekord
06 may 2013 14:14 (UTC +04:00)

Valentin Xristovdan qızıl medal və yeni rekord

 

Perunun paytaxtı Limada ağırlıqqaldırma üzrə gənclər arasında dünya birinciliyinə start verilib. Lent.az-ın məlumatına görə, yarışda Azərbaycan atletlərindən ilk olaraq Valentin Xristov körpücük üzərinə çıxıb.

 

Böyüklər arasında ikiqat Avropa çempionu olan idmançımız 62 kq çəki dərəcəsində mübarizə aparıb. O, birdən qaldırmada əvvəlcə 130 kq, sonra 135 kq, sonda isə 138 kq çəkinin öhdəsindən gəlib. Bu nəticə ilə Xristov kiçik qızıl medala yiyələnib. Təkanla qaldırmada atletimiz əvvəlcə 166 kq-ı ram edib. Hadisələrin sonrakı axarı isə maraqlı olub. Rəqiblərinin heç biri daha artıq çəkini qaldıra bilmədiyindən o, cəmi bir yanaşma ilə həm təkanla qaldırmada, həm də toplamda qızıl medalları təmin edərək dünya çempionu adını qazanıb.

 

Belədə Xristov təkanla qaldırmada gənclər arasında dünya rekordunu yeniləmək qərarına gəlib. İlk cəhdi uğursuz alınsa da, üçüncü yanaşmasında istəyinə çatıb. 178 kq çəkili ştanqı başı üzərinə qaldıran təmsilçimiz çinli Yanq Fanın 2007-ci ildə Tayvanda müəyyənləşdirdiyi rekordu (177 kq) yeniləyib.

 

Qeyd edək ki,  316 kq (138 kq + 178 kq) nəticə ilə dünya çempionu olan Valentin Xristov hazırda 19 yaşındadır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 896
avatar

Oxşar yazılar