<span style="color:red;">Mahmud Qurbanov:  <b>“Millidə təzə adlar ola bilər” </b>-<span style="color:red;"> MÜSAHİBƏ
28 oktyabr 2014 12:55 (UTC +04:00)

Mahmud Qurbanov: “Millidə təzə adlar ola bilər” - MÜSAHİBƏ

Azərbaycan yığmasının baş məşqçisi Mahmud Qurbanov Lent.az-a müsahibə verib.

 

- “Elazığsopr”da çıxış edən Cavid İmamverdiyevin oyununu izləmək üçün Türkiyəyə yollanmışdınız. Razı qaldınızmı Cavidin oyunundan?

 

- İzlədim, normal oynadı. Düzdür, cəmi 1 hissə çıxış etdi. Amma pis təsir bağışlamadı.

 

- Türkiyənin I liqasında Caviddən savayı, Mahir Şükürov, Vaqif Cavadov və Rəhman Hacıyev də oynayır. Niyə məhz İmamverdiyevin oyununa baxmağa getmişdiz?

 

- Çünki Mahirlə Vaqifin oyununa bələdik. Rəhmanın oyununu isə U-21-in heyətində izləmişik. Onlardan fərqli, Cavidin hansı vəziyyətdə olduğunu bilmirdim. Azərbaycanı tərk etdikdən sonra İmamverdiyev haqda məlumatım yox idi. Məhz bu səbəbdən onun oyununu canlı izləmək istədim.

 

- Açıqlamanızda demisiz ki, Norveçlə oyun öncəsi ilk olaraq, geniş heyət tərtib edəcəksiniz. Təxminən neçə futbolçu dəvət etmək fikrindəsiz?

 

- Geniş heyət hər yığmada olur. Başqa millilərdə də görmüşük ki, əvvəlcə geniş heyət tərtib edilib, sonra aralarında yaxşı formada olan 23-24 futbolçu saxlanılıb. Deməzdim ki, 30-dan çox futbolçuya dəvət göndərəcəyəm. Amma ilkin heyət geniş tərkibli olacaq.

 

- Heyəti təxminən nə vaxt açıqlayacaqsınız?

 

- Norveçlə oyuna qədər hələ ölkə çempionatının 2 turu var. Bu 2 turun oyunlarını da izlədikdən sonra heyəti açıqlayacağam.

 

- Millidə yeni adlar görəcəyikmi?

 

- İndidən bu barədə konkret fikir səsləndirə bilmərəm. Amma nəzərimdə bir neçə yeni ad var. Hər şey 2 tur oyunlarından sonra dəqiqləşəcək.

 

- Legionerlərdən yalnız Dmitri Nazarovu yığmaya çağıracağınızı demisiniz. Həmin fikrinizdə qalırsız?

 

- Belə deyək, legionerlərdən kim millidə çıxış edibsə, deməli, yığma üzvləridir. Konkret bir oyunu yox, onların millidəki çıxışlarını nəzərə almaq lazımdır.

 

- Berti Foqtsun vaxtında klubunda heyətə düşməyən futbolçular da milliyə çağırılırdı. Siz də bu tendensiya ilə davam edəcəksiz?

 

- Xeyr. Kim klubunun heyətində mütəmadi oynayırsa, o da yığmaya dəvət alacaq. Milli ayda 1, uzağı 2 oyun keçirir. Buna görə də, ən yaxşı formada olanlar yığmanın oyunlarında iştirak etməlidirlər.

 

- Norveçlə oyunda millimiz hansı taktika ilə oynayacaq: hücum, yoxsa müdafiə?

 

- İndidən bu suala konkret cavab verə bilmərəm.

 

- Hər halda, vaxtilə yaradıcı futbolçu olmağınız onu deməyə əsas verir ki, çalışdırdığınız milli hücumameyilli oyun nümayiş etdirəcək...

 

- Biz istəyirik ki, rəqibimiz çətin olsa belə, yaxşı oynayaq. Hücumameyilli oyun göstərməyə çalışacağıq. Futbolçulardan qələbə tələb olunacaq.

 

- Milli Norveçə qalib gəlsə və AFFA sizə baş məşqçi postunda qalmağı təklif etsə, razılaşarsınızmı?

 

- Mən yığmanın məşqçisiyəm. Təki yaxşı olsun, qələbə qazanaq. Amma öncədən proqnoz vermək istəmirəm. Fikrimcə, yığmanın baş məşqçisi daha təcrübəli şəxs olmalıdır. İnşallah, Norveçlə oyundan üzüağ çıxarıq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1582

Oxşar yazılar