İdman mətbuatında günün manşet xəbəri Berti Foqtsun istefa verməsi oldu. Alman məşqçi 6 illik fəaliyyətindən sonra Azərbaycan yığması ilə vidalaşdı. Hazırda əsas müzakirə mövzusu Foqtsun yerinə kimin gətiriləcəyidir. Futbol ictimaiyyətinin bir nömrəli namizədi “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovdur. Lent.az-a açıqlama verən futbolçular və jurnalistlər Qurbanovu millinin sükanı arxasında görmək istəyirlər.
Elvin Məmmədov (“İnter”in futbolçusu): “Foqtsun istefa xəbərini sizdən eşidirəm. Bilmirəm, kimi gətirəcəklər. Xeyirlisi olsun. Təki yeni gələn baş məşqçi milliyə xeyir versin. Foqtsun getməyinin vaxtı idi. 0:6 hesablı məğlubiyyətdən sonra özünə hörmət edən baş məşqçi istefa verməli idi. Vaxt da göstərirdi ki, artıq vaxtıdır. Amma Foqtsun millimiz üçün etdiklərini də silmək olmaz. Qurban Qurbanova gəlincə, mən də istəyərəm ki, baş məşqçi o olsun. Qurban müəllimin rəhbərliyi altında “Qarabağ”da oynamışam. Onun necə məşqçi olduğunu yaxşı bilirəm. Qurban Qurbanov əbəs yerə Azərbaycanın ən güclü məşqçilərindən sayılmır”.
Cavid Hüseynov (“Qəbələ”nin və millinin futbolçusu): “Foqts istefa verib? Sizdən eşidirəm. Məncə də vaxtı idi. Çünki son oyunlarda komanda uğursuz çıxış edib. O ki qaldı, yeni baş məşqçiyə, Qurban Qurbanovu o postda görmək istərdim. Qurban müəllimlə işləməyi kim istəməz ki? Həm Azərbaycan futboluna yaxından bələddir, həm də klub səviyyəsində uğurlar qazanıb, özünə sübuta yetirib. Bundan əlavə, Qurban Qurbanovun Azərbaycan futbolunda hörməti, çəkisi var. Bütün futbolçular onun xətrini çox istəyirlər. Buna görə də mənim ilk namizədim Qurban müəllimdir. Əgər onu gətirməsələr, onda Kaxaber Sxadadzeni də baş məşqçi qoymaq olar. Kaxanın rəhbərliyi altında oynamışam, o da güclü məşqçidir”.
Anar Xanlarov (Rekord.az saytının redaktoru): “Berti Foqtsun gedişi çoxdan olmalı idi. Bu cür davam edə bilməzdi. İlk gələndə almanı dəstəkləyənlərdən olmuşam. Tək Foqts yox, kim gəlsə, eyni addımı atacaqdım. Çünki bir məşqçiyə işləmək üçün vaxt verilməlidir. Foqtsa həddindən artıq vaxt verildi və bu müddətdə o, aldığı milyonların qarşılığında bizə demək olar, heç nə vermədi. Buna görə də getməli idi. Yerinə kimi namizəd görürəm? Hazırda hamı Qurban Qurbanovun adını çəkir və mən də bu təklifi ikiəlli dəstəkləyirəm”.
Ruslan Sadıqov (“Çempion” qəzetinin redaktoru): “Əminəm ki, Foqtsun gedişinə bütün Azərbaycan sevindi. Amma bu sevinc onun bir məşqçi kimi bacarığından yox, işini məsuliyyətlə görməməsindən və bizə yuxarıdan aşağı baxmasından qaynaqlanır. Foqtsun Azərbaycan futboluna heç bir xeyir vermədiyi fikri ilə razılaşmıram. Ən azı milli komandada oyun intizamı formalaşdırdı. Onun rəhbərliyi altında futbolçular meydançaya hansısa bir hədəf üçün çıxırdılar. Doğrudur, hədəf əksər vaxtda müdafiə olunmaq və qol buraxmamaq olurdu. Ancaq razılaşaq ki, bu futbolçularla hücum futbolu oynatmaq "intihar" olar. Mənim fikrimcə, Foqts indi yox, seçmə mərhələdən əvvəl getməli idi. Çünki AFFA yığmanın qarşısına Avro-2016-nın final mərhələsinə çıxmaq tapşırığı qoyub. Bu hədəf isə Foqtsun boyunu aşırdı. Federasiya gərək vaxtında onunla sağollaşıb, bizi daha yüksəklərə apara biləcək bir məşqçi gətirəydi. O ki qaldı, baş məşqçi postuna kimin gətirilməsinə, bilirəm ki, hamının arzusu Qurban Qurbanovdur. Amma şəxsən mən onun belə bir vəziyyətdə "Qarabağ"dan ayrılmasının tərəfdarı deyiləm. Çünki Qurbanovlu "Qarabağ"ın yaxın illərdə Avrokubokda böyük sıçrayış edəcəyinə inanıram. Fikrimcə, Qurban Qurbanov eyni anda həm "Qarabağ"ı, həm də milli komandanı çalışdıra bilər. Yox, əgər əcnəbi məşqçi gətiriləcəksə, dünya səviyyəli, bura vaxt "öldürmək" üçün gəlməyəcək, milli komandaya can yandıracaq alman və ya holland mütəxəssislə çalışmaq daha məqsədəuyğun olar”.
Ölkənin tanınmış məşqçiləri isə Foqtsun istefası ilə bağlı “Qafqazinfo”ya danışıblar.
Ağasəlim Mircavadov: “Açığını desəm, Berti Foqtsun istefa verdiyini sizdən öyrənirəm. Bu barədə xəbərim yox idi. Heç vaxt məşqçilər haqqında pis fikirdə olmamışam. Onların arxasınca danışmamışam. Öz fikridir, belə bir qərar verib. Ancaq Foqts gərək 6 il müddətində Azərbaycan futbolu üçün etdiklərini analiz etsin və bu barədə məlumat versin. Mən onun yerinə yerli məşqçinin gəlməsini istəyirəm. Çünki yerli mütəxəssis futbolçuları daha yaxşı tanıyır. Futbolçularla sıx münasibətdə olan bir mütəxəssis lazımdır”.
Şahin Diniyev: “Berti Foqtsun gedişini normal hal sayıram. Nəticəyə görə məşqçi cavabdehdir. Özündə güc tapdı və istefa verdi. Ancaq bir insanla, bir istefa ilə futbolumuz dəyişməyəcək. İlk növbədə struktur dəyişməlidir. Berti Foqtsun gedişi futbolumuzu dəyişə bilməz. Yeni sistem yaranmalıdır. Kompleks işlər görülməlidir. Bizdə idarəetmədə yanlışlıqlar var. Foqtsdan sonra Qurban gəlsin, Mourinyo gəlsin, fərq etməyəcək. Müsbət bir dəyişiklik olmayacaq. Mən hər zaman deyirəm ki, futbolda əsas amil insan faktorudur. Futbola baxış dəyişməlidir. Əgər mənə baş məşqçiliklə bağlı təklif gəlsə, mən razılaşmayacam. Çünki biz real gücümüzün fərqində deyilik. Harda olduğumuzu bilmirik. Özümüzü olduğumuz yerdən irəlidə görürük”.