Çövkən üzrə Azərbaycan çempionatına start verilir
21 oktyabr 2014 15:55 (UTC +04:00)

Çövkən üzrə Azərbaycan çempionatına start verilir

Sabah Bakı Dövlət Cıdır Meydanında Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Çövkən üzrə 3-cü Azərbaycan çempionatına start veriləcək. Lent.az-ın məlumatına görə, yarış 4 gün davam edəcək. Azərbaycan çempionatında may ayında təşkil olunan ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Milli Atüstü Oyunlar Festivalı çərçivəsində keçirilən Çövkən çempionatında ilk 8 yeri tutmuş komandalar iştirak edəcəklər. Ümumi mükafat fondu 50 min manat təşkil edən yarışda  “Sərhədçi” ,  “Ağcabədi” ,  “Polad” ,  “Balakən” , “Ağstafa” , “Ağdam” , “Laçın” , “Şəki” və “Kövsər” komandaları mübarizə aparacaqlar. Çempionatı “İdman Azərbaycan” telekanalı canlı yayımlayacaq.

Qeyd edək ki, Çövkən oyununda hər komanda 5 oyunçu və 1 ehtiyat oyunçudan ibarətdir. Oyunçulardan 2-si müdafiəçi, 3-ü isə hücumçu funksiyasını yerinə yetirir. Oyunçular yalnız milli geyimdə olmalıdır. Komandaların geyimləri müəyyən elementlərlə fərqlənməlidir. Görüş hər biri 15 dəqiqə olmaqla 2 hissədən ibarətdir. Qarşılaşmanın 1-ci yarısından sonra komandalar 10 dəqiqə istirahət edirlər. Oyun heç-heçə bitdiyi halda qalib komandanı müəyyən etmək məqsədilə görüşə hər biri 5 dəqiqə olmaqla 2 əlavə hissə, final qarşılaşmasına isə hər biri 10 dəqiqə olmaqla 2 hissə əlavə edilir. Əlavə vaxtda qalib müəyyən olunmadıqda hər komandaya 11 metrlik 5 zərbə təyin olunur. Bu halda yenə hesab heç-heçə olarsa, komandalar ilk itirilən topa qədər zərbələrin vurulmasını davam etdirirlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 639

Oxşar yazılar