<b>Səməd Səmədov:</b> “Ən bərkgedən Ağadadaşın komandasıdır”
06 dekabr 2014 12:59 (UTC +04:00)

Səməd Səmədov: “Ən bərkgedən Ağadadaşın komandasıdır”

Layihə:  "MƏŞHUR FANATLAR"

 

Müğənni Səməd Səmədov son bir ay ərzində gündəmdən düşmür. Çünki duet ortağını dəyişməsi əməlli-başlı qalmaqala səbəb oldu. Biz də bu ərəfədə Səməd bəydən müsahibə götürdük. Ancaq müsahibəmiz xalq artistinin yaradıcılığı və ya keçmiş duet ortağı Sevda Əliqızı barədə olmadı. Lent.az-ın "Məşhur fanatlar" rubrikasının qonağı olan Səməd bəy idmana maraq və sevgisindən danışdı.

 

- Bildiyimiz qədərilə, yaxşı futbol oynayırsız...

 

- Mən peşəkar futbolçuyam. Vaxtilə MOİK klubunda oynamışam. Əsgərlik vaxtını nəzərdə tuturam. İndi də futbol oynayıram. Mənim komandamda meyxanaçı Vüqar, skripkaçı Səlim, Vüqar Bəxtiyar və bəstəkar Eldar Mansurov yer alıb. Eldar müəllim komandanın qapıçısıdır.

 

- Mütəmadi futbol oynayırsız, yoxsa arada?

 

- Əvvəllər mütəmadi oynayırdım, indi isə yox. Amma arada görüşüb oynayırıq. Bizim ən bərk gedən rəqibimiz Ağadadaş Ağayevin komandasıdır. Bir müddət öncə şou-biznesin nümayəndələrinin iştirakı ilə çempionat təşkil olundu. 15 komandanın qatıldığı çempionatda finala çıxdıq. Həlledici oyunda uduzaraq, 2-ci yeri götürdük. Ağadadaş mənə dedi ki, Səməd, bizim komandanın adı "Azad Azərbaycan"dır, biz uduza bilmərik (gülür). Bir sözlə, futbola azarkeşlik edirəm.

 

- Hansı mövqedə oynamağı xoşlayırsız?

 

- Hücumda. Çünki qol vurmaqdan xoşum gəlir.

 

- Stadiona futbola baxmağa gedirsiz?

 

- Açığı, yox. Adətən oyunlara televiziyadan baxıram. Uşaq olanda atam məni stadiona aparırdı. Həmin dövrün futbolçuları yadımdadır: Tofiq Axundov, Kazbek Tuayev, Lev Yaşin və s. Bir dəfə dünyaca məşhur qapıçı Yaşinə sual verdilər ki, SSRİ futbolçularından kimdən qorxursuz? Dedi ki, Bakıda bir Tuayev var, özü də bilmir ki, topu hara vurur, ondan qorxuram (gülür).

 

- Müstəqillik dönəmində necə, heç gedib oyuna baxmamısız?

 

- Yox, baxmamışam.

 

- Səməd Səmədov hansı komandaya azarkeşlik edir?

 

- Ancaq İspaniya çempionatına baxıram. Azarkeşlik etdiyim komanda isə "Barselona"dır. Sizə bir şey deyim: 5 nəvəm var. Allah hamının nəvəsini saxlasın. Bir nəvəm futbol azarkeşidir. 17 yaşı var, Amerikada təhsil alır. Onunla həmişə qırğına çıxırıq. O, "Real"a azarkeşlik edir, mən "Barselona"ya. Amma etiraf edim ki, son vaxtlar "Real" "Barselona"dan üstündür. Messi İspaniya çempionatı tarixində ən çox qol vuran futbolçu adını qazandı. Onu da bilirəm.

 

- Belə başa düşdüm ki, ən çox bəyəndiyiniz futbolçu məhz Messidir...

 

- Messini də bəyənirəm, Ronaldonu da.

 

- Axı "Barselona"nın əksər azarkeşləri Ronaldonu bəyənmirlər...

 

- Mən bəyənirəm. Mənim üçün futbolçunun hansı komandada oynamasının önəmi yoxdur. Həmişə yaxşı oyuna azarkeşlik edirəm. Kriştianu Ronaldo da bəyəndiyim futbolçulardan biridir.

 

- İdmanın başqa hansı növləri ilə maraqlanırsız?

 

- Mən həm də boksçuyam. Fürsətdən istifadə edib, boks üzrə əməkdar məşqçi Tofiq Babanlıya minnətdarlığımı bildirirəm. Vaxtında mənə boksun sirrlərini öyrədib. 4-5 il bu idmanla məşğul olmuşam.

 

- Bəs niyə boksçu olmaq fikrindən daşındınız?

 

- Həmin vaxt skripka ilə də məşğul idim. Bülbül adına musiqi məktəbində oxuyurdum. Müslüm Maqomayev, Fərhad Bədəlbəyli, dünya miqyasında məşhur pianoçu Cahangir Cahangirovun oğlu Pərviz, Fikrət Əmirovun oğlu Cəmil Əmirov, bunların hamısını görmüşəm. Həmin məktəbi bitirdim. Musiqiyə olan sevgimə görə boksu atdım. Bir də atam, anam boksa getməyimə icazə vermirdilər. Çünki barmaqlarımı zədələyə bilərdim.

 

- Voleybola aid mahnı oxumusuz...

 

- Bəli. Mənə bir dəfə sual verdilər ki, futbolumuza nə arzunuz var? Dedim ki, Azərbaycan futbolunda Faiq Qarayev kimi ağıllı, savadlı məşqçi olmasını arzulayıram. Faiq müəllim Azərbaycan voleybolunu Avropada tanıtdırdı. Komandamız onun vaxtında 4-cü oldu. Bu, böyük uğur idi. Mən istərdim ki, Azərbaycan futbolu da zirvədə olsun.

 

- Bəs futbola aid nə vaxt mahnı oxuyacaqsız?

 

- (gülür). Kimsə xahiş etsə, oxuyaram. Mahnı yazılsa, mən hazır.

 

- Futbolçu dostlarınız çoxdur?

 

- Yox. Daha çox idmanın digər növləri ilə məşğul olanlarla dostam. Elnur Məmmədli, Füzuli Musayev, Ülvi Quliyev, Namiq Abdullayev. Yeri gəlmişkən, Namiqlə səhərlər stadionda bir qaçırıq.

 

- Azərbaycanın indiki futbolçularından kimi tanıyırsız?

 

- Heç kimi. Amma məşqçiləri tanıyıram. Qurban Qurbanov son illər özünü yaxşı tərəfdən göstərir. Maşallah Əhmədovla qapı qonşuyuq. İsgəndər Cavadov, Asim Xudiyev və Asif Əliyevlə də dostam. Asifin oğlu Vasifin toyunu mən aparmışam. Futbolumuzun bütün məşhur simaları orda idi.

 

- Berti Foqts 6 illik fəaliyyətindən sonra Azərbaycan yığmasından göndərildi və onun yerinə Robert Prosineçki gətirildi. Sıravi azarkeş kimi, yeni məşqçidən nəsə gözləyirsiz?

 

- Foqtsu çoxdan göndərməli idilər. 2 ildə nəticə verə bilməyəndən sonra saxlamağın mənası yox idi. Yeni baş məşqçinin də qarşısında tələb qoyulmalıdır. Prosineçkiyə gəlincə, mənim xorvat futboluna böyük hörmətim var. Xorvatiya millisi hazırda Braziliya, İspaniya və Almaniya yığmaları ilə başabaş oynayır. Buna görə də, mən Prosineçkinin yığmamızda uğur qazanacağına inanıram. Bir də ki, Azərbaycan futbolu gec-tez zirvədə olmalıdır. Çünki bizim xalq çox istedadlı xalqdır. Azərbaycandan tanınmış boksçular, güləşçilər, idmançılar çıxıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 415

Oxşar yazılar