<b>“Maaşımı evə verirəm, vaxtım olsa, şouya da qatılacam”</b>
08 oktyabr 2014 14:42 (UTC +04:00)

“Maaşımı evə verirəm, vaxtım olsa, şouya da qatılacam”

Layihə: "Evin içi"

Lent.az "Evin içi" adlı daha bir yeni layihəyə başlayır. Bu layihədə tanınmış idmançıların qonağı olacağıq. Onlarla idmandan kənar söhbət edib, adi həyatda necə olduqlarını, maraqlarını, bilinməyən tərəflərini üzə çıxarmağa çalışacağıq.

Layihənin ilk qonağı, daha dəqiq desək, bizi qonaq qəbul edən ilk şəxs - Azərbaycan yığmasının və "Qəbələ"nin futbolçusu Ruslan Abışov oldu.

 

- Qonaq qəbul etməklə aran necədir?

- Çox yaxşı. Qonaq dəvət etməyi də, getməyi də xoşlayıram. O cəhətdən heç bir problem yoxdur.

 

- Evə qapalı insansan, yoxsa evdə çox olmağı xoşlamırsan?

- Açığı, çox adam olan yerləri xoşlamıram. Çalışıram ki, daha çox evdə, ailəmin yanında olum.

 

- İşin belədir ki, tez-tez səfərlərdə olursan. Bir ildən çox Rusiyada da yaşadın. Evdən, ailədən tez-tez uzaq qalmaq sənin üçün çətin deyil?

- Xeyr, çətin deyil. Peşəkar idmançıyam və digərləri kimi mən də buna öyrənmişəm. Bizim həyatımız belədir. Buna görə də, heç bir problem yoxdur. Əksinə, belə olmağı daha yaxşıdır. Çünki evə qayıdanda ailə üzvləri ilə daha yaxşı istirahət edirsən.

 

- Ailə sənin üçün nə deməkdir?

- Təkcə mənim üçün yox, bütün insanlar üçün ailə ən vacib amildir. Mənim həyatımda ən önəmli yeri tutur ailə: anam, atam və qardaşlarım.

 

- Ailədə kimi özünə daha yaxın hiss edirsən? Yəni bir problemin olanda kiminlə bölüşürsən?

- Hamı bilir ki, böyük qardaşım Sərxanla uşaqlıqdan necə deyərlər dostuq həm də... Aramızda 4 yaş fərq olsa da, bu bizim üçün önəmli olmayıb. Heç vaxt fərq qoymamışıq ki, Sərxan məndən böyükdür, mən ondan kiçik. Hər dəfə problemim, çətinliyim olanda Sərxanla məsləhətləşirəm. Təbii ki, anamın da məsləhətlərinə qulaq asıram.

 

- Futbolda da sənə ən çox dəstək verən məhz böyük qardaşın olub...

- Bəli. Məni futbola Sərxan yazdırıb. Onun üzərimdə əziyyəti, əməyi böyükdür.

 

 - Bu günlərdə 27 yaşın tamam olacaq. Evlənmək haqda düşünmürsən?

- Hələ o barədə fikirləşmirəm. Açığı, evdə təzyiqlər çoxalıb ki, evlən. Hamı deyir ki, evlənmək vaxtındır. Düzdür, tezliklə 27 yaşım olacaq, amma mən hələ o qədər də həvəsli deyiləm evlənməyə.

 

- Gələcək həyat yoldaşını özün seçəcəksən, yoxsa ailənin məsləhət gördüyü xanımla evlənəcəksən?

- Bunu zaman göstərəcək. Əlbəttə ki, mən seçdiyim qızı ailəm də tanımalıdır, bilməlidir. Yəni tək mənim qərarımla yox, məsləhətlə olacaq.

 

- Böyüdüyün məhlədə sənə qarşı münasibət necədir?

- Mən məhlədə seçilən uşaq olmuşam: həm futbol oynamağımla, həm də əməllərimlə (gülür). İndinin özündə də mənə qarşı münasibət çox yaxşıdır. Sağ olsunlar, bütün qonşular hörmət edirlər.

 

- Məşhurlaşandan sonra özündə dəyişiklik hiss etmirsən? Ümumiyyətlə, məşhurluqla aran necədir?

- Açığı, insanın məşhurlaşandan sonra dəyişməsi mənə qəribə gəlir. Belə fikirlər heç vaxt ağlıma gəlməyib, gəlməz də. Şükür Allaha, məşhurlaşandan sonra özümdə dəyişiklik hiss eləmirəm.

 

- Bəziləri məşhurlaşandan sonra kompleksli olmağa başlayır. Sən də belə bir halla üzləşmisən?

- Hərdən olur. Bəzi yerlərdə olarkən görürsən ki, sənə çox baxırlar. Yaxşı mənada kənardan sözlər deyirlər. Amma bu məni bir az narahat edir. Kompleksi ancaq belə hallarda hiss edirəm.

 

- Uşaq vaxtı inanırdın ki, böyüyəndə məşhur olacaqsan?

- Qarşıma sırf məqsəd qoymamışdım ki, məşhur olmalıyam. Futbol ilk olaraq, uşaq oyunudur və mən də uşaq vaxtlarımdan futbol oynayırdım. Qarşıma məqsəd qoymuşdum ki, futboldan yaxşı istifadə edim, öz üzərimdə çox çalışım. Bəxt də burada öz sözünü dedi. Mənimlə birgə futbol oynayan o qədər uşaq var idi ki... Ancaq bir müddətdən sonra futbolu atdılar.

 

- Özündə bəyənmədiyin xüsusiyyət hansıdır?

- Fikrimi tez dəyişməyim. Bu cəhətim özümün də xoşuma gəlmir.

 

- Ətrafındakı insanları özün seçirsən, yoxsa  sənin yanında olmaq üçün özlərini "dürtənlər" də var?

- Düzdür, ətrafımdakı insanlar arasında dost-tanış, futbolçular çoxdur. Amma yanımda ən çox qardaşım olub. Çevrəm elə də böyük deyil. Oturub-durduğum insanlar da futbolçulardır. Həm də vaxtım az olur deyə, dost-tanışla çox görüşə bilmirəm. Ya millinin düşərgəsində oluram, ya da klubun.

 

- Boş vaxtını necə keçirirsən? Futboldan başqa nəyə marağın var?

- Adətən evdə oluram. Maraqlı bir yer varsa, əylənib, dincəlmək üçün ora gedirik. Amma Bakı o qədər də böyük şəhər deyil ki, əylənmək üçün çoxlu məkanlar olsun. Vaxt tapdıqca  çalışıram ki, futboldan uzaqlaşım, dincəlim.

 

- Dostların əhatəsində, yoxsa tək?

- O baxır düşdüyüm mühitə, ətrafdakı insanlara. Hər dəfə fərqli olur.

 

- Futbolçu olmasaydın, hansı sənəti seçərdin?

- Uşaq vaxtı valideynlərim istəyirdilər ki, musiqiçi olum. Daha dəqiq desəm, skripka məktəbinə yazdırmaq istəyirdilər. Amma həmin vaxt Sərxan məni futbola yazdırdı və 7 yaşımdan futbol oynamağa başladım.

 

- Evin sonbeşiyisən. Yəqin ki, ailədə səndən böyük 2 qardaşınla müqayisədə özünə qarşı daha çox diqqət hiss etmisən...

- Sözsüz. Məncə, hər ailədə sonbeşiklər bunu hiss edirlər.

 

- Özün də nə vaxtsa ata olanda övladların arasında bu fərqi hiss etdirəcəksən?

- Uşağı çox da ərköyün böyütmək lazım deyil. Məni ərköyün böyütməyiblər. Mən ata olanda üstünlüyü ən çox böyük övlada verəcəyəm, əgər o oğlan övladı olacaqsa. Zəmanə getdikcə çətinləşir. Buna görə deyirəm ki, üstünlüyü böyük övlada verəcəyəm.

 

- Tez əsəbləşənsən? Səni daha çox nə özündən çıxarır?

- Hə, tez əsəbləşənəm. Gözləmədiyin anda elə şeylər ola bilər ki, anidən əsəbləşərəm. Futbolu bilməyən adam kənardan nəsə deyəndə, irad tutanda əsəbləşirəm. Amma hər şeyə əsəbləşən də deyiləm.

 

- Maaşının neçə faizini evə verirsən?

- Mən heç vaxt maaş söhbətində ayrıseçkilik etməmişəm. Çünki bu səviyyəyə çatmağımda ailəm hər zaman mənə kömək olub. Aldığım maaşı da həmişə evə gətirib vermişəm, ailəmlə bölüşmüşəm. Yəni heç vaxt deməmişəm ki, bu qədəri sizindir, bu qədəri mənim.

 

- Saç düzümünə görə bir vaxtlar səni qınayırdılar. Amma indi futbolla maraqlanan uşaqların çoxu özünü sənə oxşatmağa çalışır...

- Saçımı təzə-təzə bu stildə qırxdıranda qınayanlar var idi. Bəyənənlər də olurdu, bəyənməyənlər də və mən bunu normal qarşılayırdım. İndi baxıram ki, başqa futbolçular da, adi insanlar da saç düzümlərini belə edirlər. Burada qeyri-adi heç bir şey görmürəm. Yeri gəlmişkən, bu saç düzümünün müəllifi Sərxandır. 22-23 yaşlarımdan başladım saçımı bu stildə qırxdırmağa.

 

- Bildiyimiz qədərilə, geyiminə çox fikir verənsən...

- Yaxşı geyinməyi xoşlayan insanam. Amma son 2 ildə geyimimə daha çox fikir verirəm.

 

- Bu, Rusiyada yaşamağınla bağlı oldu?

- Onun da təsiri oldu. Rusiyaya gedib, oradakı səviyyəni, futbolçuların yaşam tərzini görəndən sonra mən də dəyişməyə başladım.

 

- Təxminən il yarım Kazanda yaşadın. Rusiya həyatı sənə nə öyrətdi?

- Karyera baxımından uğurlu alınmasa da, həyat və futbol təcrübəsi baxımından çox şey öyrəndim. Kazanın yaşam tərzi mənə təcrübə qazandırdı. Bir müddət ölkədən kənarda, tək yaşadım. Fərqli mədəniyyət, fərqli insanlar gördüm. Böyük təcrübə topladım. Artıq ikinci dəfə hansısa ölkəyə getsəm, mənim üçün çox asan olacaq. Çünki bu təcrübəni yaşamışam. Bir sözlə, Kazana getməyim həyat təcrübəsi baxımından, mənə çox xeyirli oldu.

 

- İlk cəhdin uğursuz alındı. Təklif gəlsə, ikinci dəfə legioner həyatı yaşamaq istərsənmi, yoxsa artıq ehtiyat edirsən?

- Xeyr, mən hər zaman hazıram. Heç vaxt fikirləşməmişəm ki, ehtiyat edim, alınmaz.

 

- Bölgə komandasında oynamaq sənin üçün çətin deyil?

- Yox, çətin deyil. Qəbələ çox səfalı yerdir. İnsanları mehriban, qonaqpərvərdir. Komandanın da qarşısına yüksək hədəflər qoyulub.

 

- Bir çox azarkeş oyun üslubuna görə "Qarabağ"a daha çox uyğun gəldiyini düşünür. Məhz bu səbəbdən yayda "Qəbələ"yə yox, "Qarabağ"a keçəcəyin gözlənilirdi...

- Bilirsiniz ki, "Qarabağ"ın baş məşqisi Qurban Qurbanovun üzərimdə çox böyük əməyi var. Məni Azərbaycan futboluna qazandıran məşqçidir. Yenidən onun rəhbərliyi altında oynamaq, əlbəttə ki, xoş olardı. Görünür, qismətimdə hələ ki bu yoxdur. İndiki vəziyyətdə məni "Qəbələ"də hər şey qane edir.

 

- Zərif cinsin nümayəndələri var ki, futbola sənə görə baxırlar. Qorxmursan ki, evlənəndən sonra bu sənə problem yarada bilər?

- Ailə quracağım qadın məni hərtərəfli başa düşən olmalıdır. Ən əsası, işimə hörmət edən bir qadın olmalıdır. Məncə, o cəhətdən heç bir problemlə üzləşməyəcəyəm. Heç vaxt bu barədə fikirləşməmişəm ki, ailə qursam, vəziyyət belə ola bilər.

 

- Yenidən klipə çəkilmək haqda düşünmürsən?

- Klipə çəkilmək mənim üçün çox maraqlı idi.

 

- Razısan ki, məhz klipə çəkiləndən sonra səni daha çox insan tanımağa başladı?

- Əlbəttə ki, razıyam. İndi elə bir təklif olsa, vaxt baxımından işimə mane yaratmasa, yenə çəkilərəm.

 

- İlk dəfə Sevda Yəhyayevanın klipinə çəkildin. İndi hansı müğənnidən dəvət gözləyirsən?

- Sırf olaraq, heç kimdən təklif gözləmirəm. Açığı, Sevda xanımla klipə çəkildikdən sonra 2 xanım müğənnidən yenə təklif gəldi. Biri reklam tərəfdaşı kimi, digəri isə klipə çəkilmək üçün. Amma həmin təklifləri qəbul etmədim. Düşündüm ki, bunlara da çəkilsəm, deyəcəklər ki, Ruslan futbolu buraxıb. Amma indi dəvət gəlsə, çəkilərəm. Burada qeyri-adi bir şey yoxdur. Hamı bilir ki, mənim əsas sənətim futboldur. Əyləncə kimi klipə çəkilməyimdə nə problem var ki?

 

- Özünün mahnı oxumaqla aran necədir? Arada zümzümə edirsən?

- Əsla. Səsim çox pisdir (gülür). Mahnı oxumaq mənlik deyil. Hətta təklikdə olanda da oxumuram.

 

- Bizdə olan məlumata görə, ardıcıl 2 il məşhur "Ford Boyard" teleşousundan sənə təklif gəlib, amma qəbul etməmisən...

- Bəli, təklif gəlib. Sadəcə, işimlə əlaqədar qəbul edə bilməmişəm. Birinci dəfə təklif gələndə Kazanda idim. İkinci dəfə isə millinin heyətində toplanışda olduğum üçün qatıla bilmədim.

 

- Üçüncü dəfə təklif gəlsə, həmin layihəyə qatılarsan?

- Əgər məşq və oyun proqramımla üst-üstə düşməsə, iştirak etmək istərəm. "Ford Boyard"da ən azı 10 günlük çəkilişlər olur. Gərək həmin müddət mənim futbol oynamağıma mane olmasın. Adətən "Ford Boyard"ın çəkilişləri yay fəsilinə düşür. Həmin vaxtda isə əsas hazırlıq prosesi, təlim-məşq toplanışı olur. Əgər hazırlıq dönəmi olmasa, boş vaxtıma düşsə, mən də istərəm ki, "Ford Boyard"a qatılım.

 

- Sonda layihəmizlə bağlı ürək sözlərin...

- Uğurlar arzulayıram. İnanıram ki, daha yaxşı idmançıların, futbolçuların qonağı olacaqsınız. Arzu edirəm ki, böyük oxucu kütləniz olsun. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2307

Oxşar yazılar