“Budəfəki “qurban” Norveç millisi olacaq” <span style="color:red;">- RƏYLƏR
11 noyabr 2014 15:45 (UTC +04:00)

“Budəfəki “qurban” Norveç millisi olacaq” - RƏYLƏR

Millimiz Avro-2016-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da növbəti oyununa çıxacaq. Mahmud Qurbanovun komandası Bakıda Norveçi qəbul edəcək. Skandinaviyalılar bizimlə tez-tez rastlaşmasalar da, bir seçmə mərhələdə rəqibimiz olublar. Söhbət DÇ-1998-nin təsnifat mərhələsindən gedir. Səfərdəki qarşılaşmada qapısından 5 cavabsız top buraxan millimiz Bakıda rəqibinə minimal hesabla (0:1) uduzmuşdu. Həmin oyunlarda iştirak etmiş əksər futbolçular hazırda məşqçilik edirlər. Lent.az illər öncə Norveçə qarşı oynamış veteranlar futbolçularla əlaqə saxlayıb, onların 5 gün sonra keçiriləcək matçla bağlı fikirlərini öyrənib.

 

İlk olaraq o dövrlərin məşhur futbolçusu Yunis Hüseynovla əlaqə saxladıq. Sabiq “7 nömrə” Norveçin oyun stilinin hələ də dəyişmədiyini vurğuladı: “1996-97-ci illərdə onlarla qarşılaşmışıq. Həmin vaxt heyətimiz güclü idi, komandada təcrübəli futbolçular toplaşmışdı. Sadəcə, fiziki cəhətdən yaxşı vəziyyətdə deyildik. O vaxt indiki kimi təlim-məşq toplanışları keçirilmirdi. Maliyyə sıxıntısı var idi. O ki qaldı Norveç yığmasına, rəqib güc futbolu oynayır. Desəm ki, texniki futbola üstünlük verirlər, yalan olar. Bu seçmə mərhələdə İtaliya ilə oyunlarına baxdım, heç bir fərq yoxdur, illər öncəki futbollarını oynayırlar. Künc və cərimə zərbələrindən yaxşı istifadə edirlər, yenə daha çox hava toplarında güclüdürlər. Bununla belə, millimizə inanıram. Baxdım, heyət də yaxşıdır. Demək olar ki, bütünlüklə azərbaycanlı uşaqlardır və bu, çox sevindirici haldır. Məncə, qələbə qazanmaq üçün bütün güclərini qoyacaqlar. Ancaq Norveç də iddialıdır və Bakıdan xalsız getmək istəməyəcək”.

 

Növbəti həmsöhbətimiz “Neftçi”nin baş məşqçisi Arif Əsədov oldu. Təcrübəli çalışdırıcı illər öncəki oyunları xatırlayıb, o vaxtkı Norveçlə indiki Norveç millisini müqayisə etdi: “O vaxtkı Norveç atletik cəhətdən daha güclü komanda idi. Yadımdadır, heyətlərində “Çelsi”nin formasını geyinən Flo çıxış edirdi. Olduqca hündürboy idi, ona qarşı oynamaq asan deyildi. Komanda yoldaşları da oyunu daha çox onun üzərində qururdular. Osloda 5 qoldan 4-nü künc zərbəsindən sonra qapımıza vurmuşdular. Təsəvvür edirsiz də o vaxtkı Norveç millisi necə atletik komanda idi. İndiki Norveç isə daha çox yerlə oynamağı xoşlayır, texnikalı futbolçuları artıb. Yəni əvvəlki oyun stili dəyişib, indi müasir futbol göstərməyə çalışır. Mən olimpiya yığmamızın onlara qarşı keçirdiyi görüşə də baxdım. Onda da görünürdü ki, Norveçin oyun tərzi dəyişib. Qısası, rəqibimiz güclüdür, çempionatın final mərhələsinə çıxmağa iddialıdır. Amma mən millimizə inanıram. Bizim yığma hər seçmə mərhələdə bir güclü rəqibini büdrədir. Düşünürəm ki, budəfəki “qurban” Norveç millisi olacaq. Məşqçilər korpusu yaxşı bilir ki, onlara qarşı necə oynamaq lazımdır. Lakin hamı Foqtsun dövründəkindən fərqli oyun gözləyir”.

 

DÇ-1998-in seçmə mərhələsində Norveçə qarşı oynamış futbolçuların sırasında Vidadi Rzayev də var. Hazırda “Kəpəz”in baş məşqçisi olan “Vidoş” skandinaviyalıları təhlükə rəqib sayır: “Norveçlə illər öncə keçirdiyimiz oyunları xatırlayıram. Həmin matçlarda mən də iştirak etmişəm. O Norveçlə indiki Norveç millisini müqayisə etmək istəməzdim. Amma onda daha tanınmış futbolçuları vardı. Ole-Qunnar Sulşer kimi hücumçu çıxış edirdi Norveç millisində. Ondan başqa da yaxış oyunçulara sahib idilər. Mən həmişə məşqçilərə məsləhət verməyin əleyhinə olmuşam. Buna qarşıyam, məşqçilər korpusu rəqibə qarşı necə oynamaq lazım olduğunu daha yaxşı bilər. Amma onu deyim ki, ucaboy futbolçulardan ibarət komandadır, daha çox ikinci mərtəbəbədə yaxşı oynayırlar, yəni başla. Bu isə o deməkdir ki, standart vəziyyətlərdən yaxşı yararlanırlar. Norveç texnika baxımından güclü komanda deyil. Amma dediyim məqam onları təhlükəli rəqib edir”.

 

Futbol azarkeşləri illər öncə millinin formasını geyinmiş Deni Qaysumovu yəqin ki, xatırlayırlar. Çeçen əsilli müdafiəçi də Norveçlə keçiriləcək oyunla bağlı fikirlərini bölüşdü: “Təbii ki, Norveçlə oyunlar yaddaşımdadır. Osloda 0:5, Bakıda isə 0:1 hesabı ilə uduzmuşduq. Hər iki görüşdə oynamışdım. Amma həmin Norveçlə indiki Norveç arasında fərq var. Elə bizim yığma da çox “artırıb”. Düşünürəm ki, Mahmud Qurbanov həm taktiki, həm də psixoloji baxımdan düzgün oyun planı quracaq. Bizim futbolçuların çox istəkli və aqressiv oynayacaqlarına ümid edirəm. Oyun Bakıda keçirilirsə, deməli, Azərbaycan yığması qələbəyə oynamalıdır. Çox istərdim ki, futbolçularımız bu görüşdə qələbə qazansınlar. Bunu reallaşdırmaq mümkündür. Fürsətdən istifadə edib, komandamıza uğurlar arzulayıram”.

 

1996-cı ildə Bakıda Norveçə 0:1 hesabı ilə uduzan komandanın baş məşqçisi Vaqif Sadıqov idi. Onunla da əlaqə saxlayıb, həm illər öncəki oyun, həm də 5 gün sonra keçiriləcək qarşılaşma ilə bağlı fikirlərini öyrəndik: “Osloda 0:5 hesablı məğlubiyyət zamanı baş məşqçi Kazbek Tuayev idi. Amma Bakıdakı görüşə komandanı mən çıxarmışdım. 0:1 hesabı ilə uduzsaq da, məğlubiyyətə layiq deyildik. Dəqiq yadımdadır, Norveçin qolunu 43-cü dəqiqədə Flo vurmuşdu. Bir şeyi də qeyd edim ki, onda Norveç qrup lideri idi. Özü də bizimlə oyundan öncə Braziliya ilə yoldaşlıq görüşü keçirib, qələbə qazanmışdılar. Hazırkı Norveç də iddialıdır. Ancaq millimiz yaxşı nəticə əldə edə bilər. Futbolçular dərk etməlidirlər ki, Mahmudun ümidlərini doğrultmaq lazımdır. Norveç o qədər də güclü deyil ki, qabaqcadan məğlubiyyətlə barışaq. Yığmada potensial var, qrupda dönüş edə bilərik”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1990
avatar

Tengiz Məmmədov

Oxşar yazılar