Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun ingilis hücumçusu Ayven Toni Londonda bahalı barda saxlanılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, insident barda əyləşən bir qrup gəncin məşhur qonağı tanımasından sonra başlayıb. Hadisənin şahidi bildirib ki, gənclərdən biri Toni ilə selfi çəkmək üçün onun boynuna sarılmağa cəhd edib. Futbolçu buna sərt şəkildə reaksiya verərək “Məndən əl çək” deyib. Vəziyyət dərhal gərginləşib və qarşıdurmaya çevrilib. Dava zamanı Toni gənclərdən birinə başı ilə zərbə endirib.
Zərərçəkənin burnundan qan açılıb və ona sonradan burun sınığı ilə travma diaqnozu qoyulub.
London Təcili Tibbi Yardım Xidməti insidentlə bağlı çağırışı təsdiqləyib və qeyd edib ki, həkimlər üç nəfəri müayinə edib, onlardan biri xəsarətlə xəstəxanaya aparılıb. Polis məlumat verib ki, 29 yaşlı kişi iki hücum və bir dava epizodu üzrə şübhəli şəxs qismində saxlanılıb, lakin daha sonra əlavə araşdırmalar aparılana qədər girov qarşılığında sərbəst buraxılıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, zərərçəkənin xəsarətləri həyati təhlükə yaratmır.
Qeyd edək ki, Ayven Toni bu yaxınlarda İngiltərənin “Brentford” klubundan Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubuna keçib. Onun transfer qiyməti 40 milyon funt-sterlinq olaraq qiymətləndirilir.
