Hiddink: “Azərbaycanla oyuna çox ciddi hazırlaşmışıq”
13 oktyabr 2009 18:30 (UTC +04:00)

Hiddink: “Azərbaycanla oyuna çox ciddi hazırlaşmışıq”

“Sabahkı oyunda uduzmağı əsla düşünmürük”

Bu gün futbol üzrə Rusiya milli komandasının baş məşqçisi Quus Hiddink Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda mətbuat konfransı keçirib.
Lent.az-ın məlumatına görə, məşhur məşqçinin jurnalistlərlə görüşü oktyabrın 14-də 2010-cu il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan-Rusiya oyununa həsr olunub.

Hiddink Bakıya başqa əhval-ruhiyyədə gələ biləcəklərini, lakin Almaniya ilə oyunda uduzduqlarından bunun baş vermədiyini deyib: “Almaniya ilə oyunda uduzmağımız Bakıya qrup lideri kimi gəlmək imkanlarını əlimizdən aldı. Artıq bizim qrupda ikinci yeri tutmağımız məlumdur. Almaniya ilə həm “səfər”, həm də “ev” oyununda yaxşı oynasaq da, bu, qələbə üçün yetmədi. Əgər qalib gələ bilsəydik, Azərbaycanla sabahkı oyun bizim üçün tarixi əhəmiyyət daşıya bilərdi. Azərbaycanla oyun turnir cədvəli baxımından heç bir əhəmiyyət kəsb etməsə də, sabahkı oyunda uduzmağı əsla düşünmürük”.


Bununla belə, holland mütəxəssis Azərbaycanla oyuna çox ciddi hazırlaşdıqlarını bildirib. O, heyətdə müəyyən dəyişiklik aparmaqla eksperiment aparmağın mümkünlüyünü də dilə gətirib. Hiddinkin sözlərinə görə, bəzi futbolçular sarı vərəqə limitini doldurmağa yaxınlaşdıqları üçün həmin oyunçuların sabah meydana çıxmaması mümkündür: “Söhbət 6 futbolçudan gedir. Biz onları noyabr ayında keçircəyimiz pley-of oyunları üçün qoruyuruq. Əvəzində, heyətə cəlb etdiyimiz gənc oyunçuları oyunun gedişindən asılı olaraq meydançaya buraxmağım mümkündür”.

O, Almaniyaya məğlubiyyətdən sonra futbolçularda bir qədər məyusluq olduğunu etiraf edib, lakin artıq komandasında əhval-ruhiyyənin normallaşdığını deyib.

Hiddink Azərbaycan yığmasının Lixtenşteynlə son oyununu izləmədiyini, əvəzində Rusiya ilə Moskvada, həmçinin Almaniya ilə həm Bakıda, həm də səfərdə keçirilən oyunları izlədiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan yığması texnikalı komandadır: “Sabah Azərbaycanın daha güclü təsir bağışlaması mümkündür”.

Holandan mütəxəssis Azərbaycan yığmasının alman baş məşqçisi Berti Foqtsun siyasi açıqlamalarına da münasibət açıqlayıb. O, “mən idman adamıyam, Foqtsun nə üçün siyasi fikir ortaya qoyduğunu bilmirəm. Bizi yalnız futbol maraqlandırır” – deyib.

Almaniya-Rusiya görüşü oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika Stadionunda 21.00-da başlayacaq.

Elşən Məmmədov
# 550

Oxşar yazılar