Ötən gün Bərdədə 16 yaşlı qızın zorlanması barədə xəbər yaymışdıq.
Hadisə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən araşdırıldıb.
Komitədən Lent.az-a verilən məlumata görə, ötən gün Komitənin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin psixoloqu və rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasının əməkdaşları ailəyə səfər ediblər. Əvvəlcə ata və qızı ilə birgə hadisənin təfərrüatı haqqında danışılıb, daha sonra isə fərdi qaydada söhbət aparılıb.
Söhbət zamanı azyaşlının psixoloji vəziyyətinin yerində olduğu və ətrafında olan insanlar tərəfindən hər hansı bir kobud rəftar görmədiyi və psixososial dəstəyə ehtiyacı olmadığı bildirilib. Yeniyetmənin atası ilə ayrılıqda aparılan söhbət zamanı məlum olub ki, onun əsas istəyi təcavüzkarın qanun qarşısında cəzalandırılmasıdır.
Aidiyyəti qurumlar tərəfindən əlaqələndirilmiş fəaliyyət davam etdirilir.
***
2 avqust saat 13:53
Daxili İşlər Nazirliyi Bərdədə azyaşlının zorlanması ilə bağlı yayılan iddialara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sosial şəbəkələrdə yeniyetmə qızın zorlanması və bu işin polis əməkdaşları tərəfindən araşdırılmaması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: "12 iyun 2021-ci il tarixində Bərdə şəhər Cumalar kənd sakini C. B. saat 19:54 radələrində Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə müraciət edərək səhər saatlarında qızı 2006-cı il təvəllüdlü H.B-nın evdən çıxıb geri qayıtmadığını və itkin düşdüyü barədə məlumat verib. Dərhal məlumatla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb və məlum olub ki, itkin düşmüş şəxs səhər saatlarında Bərdə şəhər avtovağzalına gələrək oradan Bərdə-Bakı marşrutu ilə hərəkət edən avtomobillərdən birinə sərnişin qismində əyləşərək paytaxt istiqamətinə gedib. Daha sonra 16.06.2021-ci il tarixində C.B. yenidən Bərdə Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət edərək qızı H.B-nın 2020-ci ilin avqust ayında həmkəndlisi olan bir nəfər şəxs tərəfindən zorlandığını bildirib. Dərhal bu şikayət üzrə də Polis Şöbəsində araşdırmalar aparılıb və müvafiq ekspertizalar təyin edilib. Ekspertizanın rəyi əsasında həqiqətən də bakirəliyin pozulması müəyyən edildiyindən faktla bağlı Bərdə Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə şübhəli şəxs qismində Bərdə şəhər sakini olan həmin şəxs Y.B tutularaq istintaqa təqdim edilib. Onun barəsində Bərdə rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatların müəyyən edilməsi istiqamətində zəruri istintaq araşdırmaları davam etdirilir".
Qeyd edək ki, sosial şəbəkələrdə Bərdə şəhərində yeniyetmə qızın qonşusu tərəfindən zorlanması ilə bağlı məlumatlar yayılıb. Məlumata görə, ata bununla bağlı dəfələrlə polisə müraciət etsə də, məsələ araşdırılmayıb.