Xocalı rayon Polis Şöbəsinə rayonun Baharlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.
İlkin araşdırmalar zamanı məlum olub ki, 1970-ci il təvəllüdlü Füzuli rayon sakini Namiq Hüseynov idarə etdiyi HOVO markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirərək avtomobil yol kənarındakı meşə massivindəki ağaclara çırpılıb. Hadisə nəticəsində sürücü və sərnişinlər- Yardımlı rayon sakini 1970-ci il təvəllüdlü İlqar Əzizov, 1970-ci il təvəllüdlü Ağdaş rayon sakini Məzahir Baxışov və Ucar rayon sakini, 1995-ci il təvəllüdlü Vüqar Məmmədov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Digər sərnişin, 1969-cu il təvəllüdlü Cəlilabad rayon sakini Loğman Ərəbov isə aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırmalar davam etdirilir.