Elşad Abdullayevin videosunu yaydığı hakimdən xəbər var
09 yanvar 2013 19:11 (UTC +04:00)

Elşad Abdullayevin videosunu yaydığı hakimdən xəbər var

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ağababa Babayev tutduğu vəzifədən azad olunması ilə bağlı ərizə yazıb. Bu barədə APA-ya A. Babayevin özü məlumat verib.


 

A. Babayev yaxın günlərdə 65 yaşının tamam olacağını qeyd edib: “Bu günlərdə 65 yaşım tamam olacaq. Hazırda xəstəyəm, yeriyə bilmirəm. Buna görə də ərizə yazmışam ki, məni vəzifədən azad etsinlər. Ərizəni yaxın günlərdə aidiyyəti üzrə göndərəcəyəm”.

 

Qeyd edək ki, bir müddət əvvəl fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev Bakının Nərimanov Rayon Məhkəməsinin sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Hacı Ağababa Babayevlə görüşünü əks etdirən video material yayıb.

 

E. Abdullayev müraciətində qeyd edib ki, qardaşı Mahir Abdullayevin müəmmalı şəkildə yoxa çıxması ilə bağlı Bakının Nərimanov Rayon Məhkəməsinin sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Babayev Hacı Ağababa Fərman oğlu ilə söhbət edib.

 

E. Abdullayev bildirib ki, o söhbəti gizli lentə alıb. Bu video və audio yazıları Respublika Prokurorluğunda yaradılmış istintaq komissiyasına da təqdim edib. Sabiq rektor hakimlə söhbətinin 2007-ci ilin iyuluna təsadüf etdiyini bildirir.

 

A. Babayev isə APA-ya açıqlamasında E. Abdullayevin onu şantaj etdiyini bildirib. 

 

Onu da qeyd edək ki, bir müddət əvvəl Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. Hakim Ağababa Babayevlə bağlı internetdə yayılmış videoyazıya dair məsələ iclasın gündəliyinə daxil edilib, o cümlədən bu barədə Baş Prokurorluğun məlumatı müzakirə olunub. Bildirilib ki, videoyazıda göstərilənlər ədalət mühakiməsinin nüfuzuna, hakimin yüksək adına xələl gətirən hərəkətlər olmaqla, Hakimlərin Etik Davranış Kodeksinin, korrupsiyaya qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin kobud pozulmasına dəlalət edir.

 

İclasda belə hallara qarşı barışmaz münasibət qeyd olunmaqla, hakim Ağababa Babayev barədə intizam icraatının başlanılması qərara alınıb. 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2860
avatar

Oxşar yazılar