Bu ilin may ayında dövlət sərhədini pozaraq ik isərhədçimizi öldürən qaçaqmalçılardan birinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, cinayət hadisəsinin iştirakçılarından biri – İran İslam Respublikasının vətəndaşı Bərqi Həsənğuli Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, ( qabaqcadan əlbir olan bir qrup şəxs halında iki zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar ümumi təhlükəli üsulla qəsdən öldürmə), 206.3.2, 228.2.1, 234.4.1, 234.4.3 (qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah, onun komplekt hissələrini, habelə külli miqdarda narkotik vasitələr və psixotrop maddələri satış məqsədilə əldə etmə və qaçaqmalçılıq yolu ilə keçirmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət sərhədinin qanunsuz keçmə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda onun yuxarıda qeyd edilən cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən onun barəsində cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İstintaqın gedişi zamanı bu il mayın 19-da saat 10:30-da isə DİN-in Daxili Qoşunlarının və DSX-nin hərbi qulluqçularının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar qrupun üzvü-İran İslam Respublikasının vətəndaşı Ağayi Əllahbəxş Bağış oğlunun Yardımlı rayonunun Zevin kəndi ərazisində gizləndiyi yer müəyyən edilərək silahlı müqavimət göstərən zaman zərərsizləşdirilib, digər iki İran vətəndaşı barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarlar qəbul edilməklə axtarışları elan olunub.
Hazırda həmin cinayətin digər iştirakçılarının müəyyən edilməsi və bütün digər cinayət xarakterli fakt və məlumatlar üzrə cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaqı davam etdirilir.
Qeyd edək ki, bu il mayın 15-də Bərqi Həsənğuli Novruz oğlunun digər İran vətəndaşları Əbdi Rəsul Zöhrab oğlu, Ağayi Əllahbəxş Bağış oğlu, Həsənzadə Huşəng Curi oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib sonuncudan külli miqdarda narkotik vasitə və psixotrop maddələr hesab edilən ümumilikdə külli miqdar təşkil edən 3947.755 qram heroini, 930 qram olan külli miqdarda metamfetamini, ümumilikdə külli miqdar təşkil edən 8.34 qram metadonu və şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 2.157 qram olan narkotik vasitə tiryəki, habelə AK 74 markalı 2 ədəd odlu silahı və onun komplekt hissələri olan daraqları, çoxsaylı 7.62 və 5.45 mm-lik kalibrdə patronları və bir ədəd gecəgörmə cihazını əldə edib daşımaqla, İrandan Azərbaycan Respublikasının Yardımlı rayonu ərazisindən qaçaqmalçılıq yolu ilə ölkəmizin ərazisinə keçirərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara odlu silahdan atəş açaraq həmin Xidmətin 2 hərbi qulluqçusunu qəsdən öldürmələri faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.