"Qurtuluş" Reabilitasiya Mərkəzinə 3 maddə ilə cinayət işi açıldı -YENİLƏNİB
19 yanvar 2026 17:38 (UTC +04:00)

"Qurtuluş" Reabilitasiya Mərkəzinə 3 maddə ilə cinayət işi açıldı -YENİLƏNİB

0

Baş Prokurorluq "Qurtuluş" Reabilitasiya Mərkəzində aşkar edilmiş qanun pozuntuları ilə bağlı məlumat yayıb.

Lent.az-a Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib ki, Qurtuluş Reabilitasiya Mərkəzi MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciətləri əsasında Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılıb.

Araşdırma nəticəsində toplanmış ilkin dəlillər əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

***

16:23

Sumqayıt şəhərində fəaliyyət göstərən "Qurtuluş" reabilitasiya mərkəzi barədə cinayət işi başlanılıb.

Bu mərkəz bir müddət öncə Əməkdar jurnalist Nəsimi Nəbizadənin müalicəsi ilə bağlı gündəmə gəlmişdi. 

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov Lent.az-a açıqlamasında bildirib ki, 1 ilə yaxındır ölkəmizdəki ümumi reabilitasiya mərkəzlərində araşdırmalar aparılır:

“Azərbaycanda fəaliyyət göstərən reabilitasiya mərkəzlərində təxmini 1 ilə yaxındır ki,  Baş Prokurorluq tərəfindən araşdırmalar aparılır. Lakin qeyd edim ki, bu məsələnin Nəsimi Nəbizadə ilə heç bir əlaqəsi yoxdur. Reabilitasiya ölkəmizdə yeni bir sahə olduğu üçün Prokurorluq ümumilikdə bu mərkəzlərdə araşdırmalar aparır. Nəticələrin bizim üçün müsbət yekunlaşacağını düşünürəm. Mən özüm yeganə mərkəz rəhbəriyəm ki, narkoman olmamışam. “Qurtuluş” reabilitasiya mərkəzi təkcə Azərbaycanda yox, ümumilikdə dünyada sağalma sayına görə birinci yerdədir”.

Qeyd edək ki, narkomaniya və digər asılılıqlardan əziyyət çəkən şəxslərin psixoloji müalicəsi ilə bağlı fəaliyyət göstərən "Qurtuluş" reabilitasiya mərkəzi ilə bağlı cinayət işi başlanılıb.

Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 145.2.1 (qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə) və 145.2.4 (qanunsuz azadlıqdan məhrum etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə cinayət işi üzrə istintaq gedir.

***

saat 14:55

Sumqayıt şəhərində fəaliyyət göstərən "Qurtuluş" reabilitasiya mərkəzi barədə cinayət işi başlanılıb.

Lent.az xəbər verir ki, reabilitasiya mərkəzi barədə araşdırma aparılıb.

Şikayət əsasında Sumqayıt Şəhər Prokurorluğu tərəfindən aparılan araşdırmalar zamanı reabilitasiya mərkəzində qanunsuzluqlar aşkar edilib.

Faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Hazırda istintaq davam etdirilir.

Xatırladaq ki, adıçəkilən reabilitasiya mərkəzi bir müddət öncə Əməkdar jurnalist, tanınmış keçmiş aparıcı Nəsimi Nəbizadənin müalicəsi ilə bağlı gündəmə gəlmişdi.

N.Nəbizadə bir neçə gün öncə mərkəzi tərk edib./oxu.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2020

Oxşar yazılar