Goranboyda baş həkimi döyənlərin kimliyi məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Rauf Yəhyayevlə dalaşan şəxslər qazilər olub.
Hər iki tərəf qarşılıqlı olaraq bir-birindən şikayət edib.
Belə ki, müharibə iştirakçıları olan qazilər iddia edir ki, Rauf Yəhyayev vəzifəsindən sui-istifadə edərək onların şikayətlərinə baxmır və onlara zəruri tibbi köməklik göstərmir.
Xəstəxana rəhbərliyi isə bildirir ki, onların tələbləri qanunsuzdur: "Biz onlara qanunun imkan verdiyi bütün köməklikləri göstəririk. Onların əldə etmək istədikləri əlavə üstünlük və imtiyazları isə biz onlara verə bilmərik. Çünki buna qanun yol vermir".
Hazırda hər iki tərəfin qarşılıqlı şikayətləri prokurorluqda araşdırılır.
***
saat 13:21
Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Rauf Yəhyayev bir qrup şəxs tərəfindən döyülüb.
Lent.az-ın məlumatına görə, həmin şəxslər baş direktordan ağır ağrıkəsici dərman istəyiblər. O da “yox” cavabı verdiyi üçün döyülüb.
Rauf Yəhyayev "oxu.az"a açıqlamasında bildirib ki, bir neçə şəxs xəstəxanaya gəlib, ağır ağrıkəsici dərman tələb ediblər:
“Mənə əllərindəki ağrıkəsicini göstərib, daha artıq dozada olanını tələb etdilər. Bildirdim ki, onsuz da o dərmanlar ağrıkəsicidir. Onlar dedilər ki, o dərmanlar kömək etmir. Ondan ağırı narkotikdir, mən onlara narkotik verəcəkdim? Dedim ki, təcili yardım şöbəsinə getsinlər. Münaqişə başladı və bıçaqla hücum etdilər”.
Qeyd edək ki, məsələ barədə Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
Lent.az hadisənin görüntülərini təqdim edir: