Rusiyanın Moskva vilayətinin Mıtişi şəhərində qaraçı icmasına məxsus nəqliyyat vasitələri yandırılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə oktyabrın 7-dən 8-nə keçən gecə MKAD ilə Yaroslavskiy şossesinin kəsişdiyi ərazidəki qeyri-rəsmi dayanacaqda baş verib. Yanğın nəticəsində dörd ədəd yeni “KamAZ” yük maşını və bir ədəd işlənmiş BMW avtomobili tamamilə məhv olub. Daha dörd iri tonnajlı yük maşını isə vaxtında hadisə yerindən çıxarılıb, onların bir hissəsi sonradan yenidən dayanacağa qaytarılıb.
Şahidlərin sözlərinə görə, yanğında məhv olan avtomobillər yerli qaraçı ailələrinə məxsus olub. Videomüşahidə kameralarının görüntülərinin təhlili hadisənin qəsdən törədildiyini təsdiqləyib: kadrlarda yanğın başladığı anda dayanacaqdan uzaqlaşan iki nəfər görünür.
Yanğının söndürülməsi üçün FHN-ə məxsus xüsusi texnika və yanğın-ekspertiza laboratoriyası cəlb edilib. Hadisə ilə bağlı cinayət işi açılmağa hazırlanır. İlkin hesablamalara görə, məhv olmuş hər bir avtomobilin dəyəri 5–7 milyon rubl təşkil edir. Dəyən ümumi ziyan 28 milyon rubldan (təxminən 585 min manat) çoxdur.
Qeyd olunur ki, Rusiya Federasiyasının müxtəlif bölgələrində son vaxtlar qaraçı icmalarına qarşı etiraz aksiyaları qeydə alınır. Bu ilin iyul ayında Saratov vilayətinin Podlesnoye kəndi sakinləri 15 yaşlı yeniyetmənin ölümü ilə nəticələnən hadisədən sonra qaraçıların kənddən çıxarılmasını tələb ediblər. Qeyd olunur ki, azyaşlını icma üzvü tərəfindən idarə olunan avtomobil vuraraq öldürüb. Hadisədən sonra bir çox qaraçı ailəsi kəndi tələsik tərk edib.