Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücünü saxlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, yol patrul xidmətinin əməkdaşları rayon ərazisində hərəkətdə olan “VAZ - 21063” markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını pozduğu üçün “Saxla” işarəsi veriblər. Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, rayon sakini Ruslan Qədirovun narkotik vasitə və psixotrop maddə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən R.Qədirovun marixuana istifadə etdiyi məlum olub.
Həmin şəxs barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və hüquqi qiymət verilməsi üçün Salyan Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 600 manat məbləğində cərimə olunub.