Nərimanov Rayon Məhkəməsində "Baksol yolu" adlanan ərazidə yolun çökməsi nəticəsində kanalizasiyaya düşüb həyatını itirən 28 yaşlı Cümşüd Cümşüdlü ilə bağlı başlanmış cinayət işi üzrə həbs olunmuş Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun məhkəmə hazırlıq prosesi keçirilib.
Lent.az xəbər verir ki, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Azər Cümşüdovun vəkili Anar Ramazanov iş materialları ilə tanış olarkən istintaqın yol verdiyi boşluqları məhkəməyə bildirib:
"İstintaq bir neçə şahid ifadələrini işə aid etməyib. Bundan başqa sözügedən hadisə yeri dayanıqlı materiallarla çəpərlənmişdi, lakin ekspert rəyində niyəsə bunun əksini iddia edir. Hadisə yerinin dəqiq müayinəsi aparılmayıb. Büdcə ayrılmalı idi, Azər bəy öz vəsaiti ilə gedib təmir işi apara bilməzdi ki. Ona görə məhkəmə baxışına xitam verilərək, işin ibtidai istintaqa qaytarılmasını xahiş edirik".
Təqsirləndirilən Azər Cümşüdov "Əgər bizim orada iş əmrimiz olmasa idi, işləməyə imkan verərdilər? Mən nə etməli idim ki, onu etməmişəm?".
Dövlət ittihamçısı çıxışında vəsatətin təmin edilməməsini, cinayət işinin baxışa verilməsini məhkəmədən istəyib.
Qısa sürən müşavirədən sonra məhkəmə işin məhkəmə baxışına verilməsi və prosesin 23 dekabr saat 10:00-a təyin olunduğunu elan edib.
Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, iyunun 26-da saat 20:30-da 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb.
Qeyd olunub ki, aparılmış axtarışlar nəticəsində mərhumun meyiti iyunun 28-də saat 15:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyitə baxış keçirilib, hadisəni əks etdirən müşahidə kameralarının görüntüləri əldə olunub və digər zəruri prosessual hərəkətlər icra olunub.
Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur. Faktla əlaqədar Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs qismində cəlb edilən Azər Cümşüdov həbs edilməyib, barəsində polis nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.